Məhkəmə qərarları › İş №2(043)-2738/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2738/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2738/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı Sənai Natiq İspəndiyar oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Sənai Natiq İspəndiyar oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Sənai Natiq İspəndiyar oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2,167,128 (iki milyon yüz altmış yeddi min yüz iyirmi səkkiz) manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu İddiaçı ilə Cavabdeh mebel satışı ilə məşğul olublar. Tərəflər şərik biznes fəaliyyəti ilə məşğul olublar. Onlar birlikdə bir neçə mebel mağazası açaraq fəaliyyət göstərmişlər. Mebel mağazalarının yerləşdiyi obyektlər İddiaçı tərəfindən seçilmiş və həmin mağazalara Türkiyə və digər xarici ölkələrdən mebellər İddiaçı tərəfindən alınaraq gətirilmişdir. Mağazalara rəhbərlik İddiaçı tərəfindən həyata keçirilmişdir. Tərəflər şərikli işlədikləri müddətdə cavabdeh tərəfindən iddiaçıya məxsus mebel mağazasından ümumilikdə 2,167,128 ( iki milyon yüz altmış yeddi min yüz iyirmi səkkiz) manat pul götürülmüş və geri qaytarılmamışdır. Cavabdeh tərəfindən götürülmüş həmin məbləğdə pullar geri qaytarılmadığı üçün iddiaçının biznes fəaliyyətinə xeyli miqdarda ziyan dəymişdir. Həmin pulların götürülməsi tərəflərin şərik işlədikləri müddətdə mühasibatlıq kitabında qeyd edilmiş və hər iki tərəfin iştirakı ilə maddi ziyanın üzləşdirilməsi aparılaraq hər ikisinin imzası ilə öz təsdiqini tapmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi xüsusatlar tamamilə həqiqətdən uzaqdır. Belə ki, iddia ərizəsində guya cavabdeh tərəfindən iddiaçıya məxsus mebel mağazasından ümumilikdə 2,167,128 ( iki milyon yüz altmış yeddi min yüz iyirmi səkkiz) manat pul götürüldüyü və geri qaytarılmadığı qeyd olunmuşdur. Bu isə tamamilə iddiaçı tərəfin uydurmasıdır. Əslində isə İddiaçınin özü tərəfindən cavabdehə qarşı dəfələrlə qanuna zidd hərəkətlər edilmişdir. İddia ərizəsində istinad edilən faktları təsdiq edən sübutlar isə ümumiyyətlə mövcud deyildir. İddiaçının bu formada iddia ərizəsi ilə məhkəmə müraciət etməsi müəyyən çaşqınlıq yaratmaq və baş vermiş münasibətləri həqiqətdən uzaq formada təqdim etmək niyyəti daşımaqdadır. Belə ki, iddia ərizələrində qeyd olunan faktiki hallara əsasən guya iddiaçıya məxsus mağazadan külli miqdarda pul götürmüş, daha sonra isə guya onunla cavabdeh arasında borcun üzləşdirilməsi aparılmışdır. İddiaçının qeyd etdiyi bu saxta hadisənin isə onun həbs edilməsindən sonra baş verməsi mümkünsüzdür. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfin vəsatəti üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Natiq və Rəşad onun qohumlarıdır. O, Natiq ilə 2008-ci ildən işə başlamış , Çindən daha sonra isə Türkiyədən mal vurmuşlar. Natiq daha sonra 2009- 2010-cu illər ərəfəsində ona yaxınlaşmış qohumu olan Rəşadı da işə qoşmaq istədiyini bildirmişdir. Natiq Rəşad gələnə qədər elektrotexnika mallarının satışı ilə məşğul olmuş daha sonra mebel işinə keçmişdir. Natiqlə iki il işlədikdən sonra öz ixtisası üzrə otel işinə qayıtmışdır. Natiqlə Rəşad arasında olan pul mübahisəsinə dair yalnız onu bilir ki, Natiq ondan sonra Rəşadla şərik işləyib və Natiqin deməsinə görə kitabda aparılmış qeydiyyat əsasında Rəşad Natiqin pullarını götürüb qaytarmamışdır. İddiaçı tərəfin vəsatəti üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Sənai Natiq İspəndiyar oğlu onu 2011-ci il tarixdə “Donalt” mebel salonunda fəhlə kimi işə qəbul etmişdir. Rəşadı sonradan Natiqin şəriki olaraq tanımışdır. İlk öncə mebelləri Natiq özü gətirmiş , daha sonra Rəşad gətirməyə başlamışdır. Rəşadla Natiq arasında olan pul haqq-hesabından məlumatı olmamışdır. 2015-ci ilin avqustunda isə işdən çıxmışdır. İddiaçı tərəfin vəsatəti üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 2007-2012-ci illər ərzində İddiaçı yanında işləmişdir. Vəzifəsi mebel salonuna nəzarət etmək olmuşdur. Rəşad sonradan şərik olaraq qoşulmuşdur. Natiqin ilk mebel dükanı Bakıda olmuşdur Çindən ora mal gətirmişdir. Daha sonra Türkiyədən mal gətirməyə başladılar. Daha sonra iş yaxşı getməyə başladı. Natiqlə Rəşad işi daha da böyütmək istədilər. Daha sonra Rəşad Natiqdən pul almış və mebellər o gətirtməyə başlamışdır. Bütün haqq-hesab məsəllərini qara kitabça olmuş ora qeyd etdirmişdirlər. 60-70 min manat pulu o Natiqə vermiş Natiq isə kitabda qeyd edərək Rəşada vermişdir. 2012-ci ildə Rəşadla arasında mübahisə yaranmış və işdən çıxmışdır. Daha sonra tərflərin arasında nə baş verməsindən məlumatı yoxdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.06.2018-ci il tarixli, 1(101)-388/2018 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 182.3.2-ci və 234.4.3-cü maddəələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmdən görünür ki, X3 qabaqcadan əlbir olan bir qurp şəxslə razılaşaraq Cavabdeh yaxın qohumlarını öldürəcəkləri hədəsi ilə 85100 manat məzənnəsi ilə 50000 ABŞ dollarını nəğd şəkildə və 85100 manat məzənnəsi ilə 50000 ABŞ dolları dəyərində mebel əşyalarını tələb etməkdə təqsirli bilinmişdir. İddiaçı tərəfindən təqdim olunmuş kitabçaya baxış keçirilərkən müəyyən olunmuşdur ki, kitabçanın müxtəlif səhifələrində ayrı ayrı vaxtlarda müxtəlif məbləğlərdə Cavabdeh tərəfindən pulun götürülməsi qeyd olunsa da həmin pulun hansı məqsədlə Cavabdeh tərəfindən götürülməsi (yəni şəxsi məqsədləri üçün və ya alınmış mebellərin dəyərinin ödənilməsi) qeyd olunmamışdır. Bununla yanaşı İddiaçı İsbəndiyar oğluna verilmiş ittihamda Cavabdeh 50000 ABŞ dollarını nəğd şəkildə və 50000 ABŞ dolları dəyərində mebeli hədə qorxu ilə tələb etməsi göstərilmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır : Azərbaycan Respublikası Mülki Məcələsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində (mülki hüquq pozuntusu nədicəsində) ona ziyan vurulduğunu iddia edərək ******* (iki milyon yüz altmış yeddi min yüz iyirmi səkkiz) manat pulun alınaraq ona ödənilməsini tələb etmiş, lakin cavabdeh tərəfindən həmin zərərəin ona vurulmasının nədə ifadə olunmasına dair öz tələbini əsaslandırmamış və həmin pulun cavabdeh tərəfindən götürülməsinə dir hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.06.2018-ci il tarixli, 1(101)-388/2018 saylı hökmündən görünür ki, X3 qabaqcadan əlbir olan bir qurp şəxslə razılaşaraq Cavabdeh yaxın qohumlarını öldürəcəkləri hədəsi ilə 85100 manat məzənnəsi ilə 50000 ABŞ dollarını nəğd şəkildə və 85100 manat məzənnəsi ilə 50000 ABŞ dolları dəyərində mebel əşyalarını tələb etməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarını və işin müəyyən olunmuş hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Sənai Natiq İspəndiyar oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar