Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2749/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 3185,51 manat əsas borc, 24,34 manat faiz borcu və 1006,61 manat cərimə məbləği olmaqla, cəmi 4216,46 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 10.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 0.0833% olmaqla, 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3185,51 manat məbləğində kredit verilmişdir. Cavabdeh razılaşmanın şərtlərini pozaraq ödənişləri dəfələrlə yubatmış, 10.09.2020-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh borcundan ödəniş etməmiş, 3185,51 manat kredit borcu qalmışdır. 23.06.2021-ci il tarixə faiz borcu 24.34 manat təşkil edir. 23.06.2021-ci il tarixə kredit 286 gün üçün cərimə məbləği 1006,61 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planına uyğun olaraq hissəhissə qaytarmaq şərti ilə 3185,51 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.2ci bəndində borclunun ödəniş planı üzrə kreditin və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faizi həcmində, lakin ümumi məbləği 5 il ərzində 0,1 faizdən artıq olmamaq şərtilə cərimə ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 23.06.2021-ci il tarixə 10.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 3185,51 manat əsas borc, 24,34 manat faiz borcu və 1006,61 manat dəbbə pulu olmaqla, cəmi 4216,46 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə dəbbə pulunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği müqavilə şərtlərinə uyğun deyildir. Belə ki, dəbbə pulunun miqdarını müəyyən edən müqavilənin 4.2.2-ci bəndindən görünür ki, cavabdeh hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi miqdarında dəbbə pulu ödəməli olsa da hər bir halda bu məbləğ bütün müqavilə müddəti üçün kredit qalığının 0,1 faizindən artıq ola bilməz. Belə olan halda gecikmə günlərinin sayından asılı olmayaraq iddiaçının 3185,51 manat kredit qalığı üçün tələb edə biləcəyi maksimal məbləğ həmin məbləğin 0,1 faizindən, yəni 3,18 manatdan artıq ola bilməz. Buna görə də məhkəmə cavabdehdən yalnız 3,18 manat dəbbə pulunun tutulmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin pozulması nəticəsində kredit müqaviləsi üzrə münasibətlərin davam etdirilməsinə kreditorun marağı qalmamışdır. Buna görə də kredit müqaviləsinin ləğv edilməsi barədə tələb əsaslıdır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi ləğv ediləməli, 24 iyul 2019cu il tarixli 006A********** saylı kredit müqaviləsinə əsasən cavabdehdən 3185,51 manat əsas borc, 24,34 manat faiz borcu və 3,18 manat cərimə borcu olmaqla, cəmi 3.213,03 manat tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 10.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 3185,51 manat əsas borc, 24,34 manat faiz borcu və 3,18 manat dəbbə pulu olmaqla, cəmi 3.213,03 (üç min iki yüz on üç manat, üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2749/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2749/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver