Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2768/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və cavabdeh X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia qaldıraraq cavabdehdən himayəmdə qalan xx xxx 2005-ci il təvəllüdlü Nurtacın və xx xxxxxxxx 2007ci il təvəllüdlü Nuranın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində tutulub ona verilməsini müəyyən edən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2012-ci ildən boşanmışıq. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1230/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iki uşağın saxlanılması üçün cəmi 160 manat aliment qət edilmişdir. Uşaqlar böyüdükcə təlabatları da artdığından həmin məbləğ onların minimum ehtiyacını belə ödəmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Ona görə də, alimentin artırılması üçün bir daha məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, tələb olunan 400 manat məbləğində aliment ödəməyə imkanı çatmır. O, iddiaçıya hər ay mütəmadi olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 160 manat məbləğində aliment ödəyir və əlavə olaraq uşaqlara ən azı 50 manat məbləğində pul verir. Sağlamlığı ilə əlaqədar olaraq ağır işlərdə çalışa bilmir və bu səbəbdən gəliri olduqca çox aşağıdır. Bundan başqa o, iddiaçı ilə ayrıldıqdan sonra ikinci dəfə nikaha daxil olmuşdur və hazırda onun nikahdan iki övladı vardır. Hazırda ailədə yeganə işləyən odur və ailənin bütün tələbatlarını özü ödəyir. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(043)- 1230/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, xx xxxx 2013-cü il tarixdən başlayaraq xx xxx 2005-ci tarixdə doğulmuş X4 və xx xxxxxxxx 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa 80 manat olmaqla, hər ay cəmi 160 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Əsli məhkəmə iclasında tədqiq edilmiş Kəlbəcər rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ № 577677 seriyalı nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxx 2005-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Əsli məhkəmə iclasında tədqiq edilmiş Kəlbəcər rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ № 994310 seriyalı nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxxxx 2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. İddiaçı cavabdehdən tutulan alimentin miqdarının artırılıb 200 manat müəyyən edilməsini əsaslandırmaq üçün cavabdehin və ya özünün maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı sübutlar təqdim edə bilmədi. Bununla belə, məhkəmə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(043)-1230/2013 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx xxx 2005-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. İddianın qiyməti aylıq ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxx 2005-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. xx xxx 2005-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2768/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2768/2020
08.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver