Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2786/2021 09.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki müqavilə üzrə 3726 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3756 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 06.01.2020-ci il tarixli 20015724 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 486 manat 12 ay x 40.5 manat ödəniş) İMEİ kodu **********96035 olan Xiaomi Redmi 8 markalı telefon və “Dect Panasonic” markalı ev telefonu üçün 446 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, cəmi 578 manat borcu vardır. Cavabdehin, "xxxx" MMC ilə bağladığı 06.01.2020-ci il tarixli 20015633 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 2719.2 manat (24 ay x 113.3 manat ödəniş), “Samsung” markalı soyuducu və paltaryuyan üçün 2605,9 manat ödənilməmiş hissə, 542,1 manat dəbbə, cəmi 3148 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 153.3 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək və məhkəməyə etiraz təqdim edərək bildirdi ki, 2020-ci ilin fevral ayında pandemiya dövründə sərt karantin rejimi tətbiq edilmiş, o, fərdi əməklə məşğul olduğundan və iş yeri bağlandığından qazanc əldə edə bilməmişdir. Başqa qazancı olmadığından valideynlərinin pensiya ödənişləri ilə ödənişlər etmiş, daha sonra valideynlərinin hər ikisi də vəfat etmişdir. Həm pandemiya dövrü, həm valideynlərinin vəfat etməsi və eləcə də yas mərasiminə çəkilən xərclər nəticəsində ailəsində vəziyyət çox acınacaqlı vəziyyətə çatmışdır. O, bu barədə sübutları rəsmi qaydada iddiaçıya təqdim etməsinə baxmayaraq iddiaçı bunu nəzərə almamışdır. Bunları nəzərə alaraq dəbbə pulu məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 06.01.2020-ci il tarixli 20015724 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 486 manat olan İMEİ kodu **********96035 olan “Xiaomi Redmi 8” markalı telefonu və “Dect Panasonic” markalı ev telefonunu nisyə qaydada almış, ayda 40.5 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 06.01.2020-ci il tarixli 20015633 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 2719.2 manat olan “Samsung” markalı soyuducu və paltaryuyanu nisyə qaydada almış, malın qalıq dəyərini ayda 113.3 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06.01.2020cu il tarixli 20015724 saylı müqavilə üzrə əsas məbləğdən 40 manat ödəmiş, 446 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 132 manat dəbbə pulu hesablanmışdır. 06.01.2020-ci il tarixli 20015633 saylı müqavilə üzrə əsas məbləğdən 113.3 manat ödəmiş, 2605.9 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 542.1 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan aldığı mal və xidmətlərin ümumi dəyərindən yalnız 153.3 manat ödəmişdir. Buna görə də məhkəmə müqavilə üzrə cavabdehdən aldığı mal və xidmətlərin dəyərinin qalığı qismində 3.051,9 manat pulun tutulmasını əsaslı hesab edir. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pullarının miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə icra edilməmiş öhdəliyə nəzərən hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz dərəcədə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 06.01.2020-ci il tarixli 20015724 saylı müqavilə üzrə dəbbə pulu azaldılmalı və 15 manat məbləğində, 06.01.2020-ci il tarixli 20015633 saylı müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, dörd müqavilə üzrə 3.051,9 manat ödənilməmiş hissə, 65 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 06.01.2020-cu il tarixli 20015724 saylı müqavilə üzrə 446 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 06.01.2020-ci il tarixli 20015633 saylı müqavilə üzrə 2605,9 manat ödənilməmiş hissə, 50 manat dəbbə olmaqla, ümumilikdə 3.116,9 (üç min yüz on altı manat, doqquz qəpik) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2786/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2786/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver