Məhkəmə qərarları › İş №2(043)-2789/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2789/2021

28.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2789/2021 28.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 18-ci küçədəki ünvanda yerləşən evə onu və övladları 15.03.2011-ci il təvəllüdlü X2, 24.05.2016-ci il təvəllüdlü X1 və 21.08.2012-ci il təvəllüdlü X3 ilə birlikdə istifadə hüquqlarının tanınması və köçürülməklərinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh2 ilə nikahlarını 12 mart 2010-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 159 nömrə ilə qeydə aldıraraq ailə qurmuşlar. Cavabdehlə ailə qurarkən cavabdehin atası Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 18-ci küçədə yerləşən ünvana gəlin köçmüşdür. Birgə nikahlarından 15.03.2011-ci ildə Səid, 24.05.2016-ci ildə Bəhman və 21.08.2012-ci ildə Aysu adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk günlərdən cavabdeh tərəfindən təyziqlər görmüşdür. 2019-cu ilin may ayından məcbur olub evi tərk edərək, uşaqları ilə bərabər atası evində yaşayır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə aralarında olan nikah pozulmuşdur. Gəlin köçərkən həmin ev tamamilə yararsız halda olmuşdur. Gəlin köçərkən cehiz aparmamış onun əvəzində atası sözügedən evi təmir etdirmişdir. Hazırda atasının yaşadığı evdə nənəsi, əmisi və əmisinin uşaqları yaşayır. Atasının yaşadığı mənzil 2 otaqlı olduğu üçün uşaqları ilə birlikdə orada yaşaması qeyri mümkündür. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə oğlu ailə qurandan sonra 1 həftə onun evində yaşamışlar, sonra isə iddiaçının atasının evinə köçərək orada bir müddət yaşadıqdan sonra Rusiya Federasiyasına köçüb orada yaşamışlar. Ailə münasibətləri baş tutmadığından oğlu ilə 2019-cu ildə boşanmışlar. İddiaçının onun evində yaşaması üçün heç bir qanuni əsas yoxdur. Hazırda onunla birlikdə digər oğlu ailə üzvləri ilə birlikdə yaşayırlar. İddiaçının atası onun evinə 1 qəpikdə olsun pul xəcləməmişdir. Belə ki, iddiaçı gəlin köçəndən 1 həftə sonra atası evinə göçərək orada yaşamışlar. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 2010-cu ildə ailə qurmuşlar. Ailə qurarkən iddiaçını atasının evinə gəlin gəlmişdir və 1 həftə mübahisələndirilən evdə yaşadıqdan sonra iddiaçının atasının evinə köçüb orada yaşamışlar. Uşaqlarından Səid və Bəhman iddiaçının atası evində digər qızı Aysu isə Rusiya Federasiyasında doğulmuşdur. İddiaçı ona xəyanət etdiyi üçün ailə münasibətləri pozulduğundan 2019-cu ildə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçının onun atasına aid olan evə heç bir aidiyyəti olmadığını göstərərək iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2(044)-2813/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında 12 mart 2010-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 159 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş Səid, Aysu və Bəhman adlı uşaqları iddiaçının yanında saxlanmışdır. DƏDRX-in 11 saylı Şəmkir ərazi idarəsinin 10.03.2021-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məshəti qəsəbəsi 18-ci küçədə Cavabdeh1 və Cavabdeh2 adlarına daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 2010-cu ildə yaranmışdır. Ona görə də hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- MM) 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. MM-in 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onun keçmiş qaynatası Cavabdeh1 sahibliyində və istifadəsində olmaqla iddiaçının həmin fərdi yaşayış evinə hər hansı hüququnun olması məhkəmə araşdırması zamanı müəyyən olunmamış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına aid olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün hüquqi əsas yoxdur. İddiaçının mübahisələndirilən fərdi yaşayış evinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərə gəldikdə məhkəmə onu da qeyd edir ki, əvvəla iddiaçı mübahisələndirilən evdə yaşamasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda onun həmin evdə yaşamadığı halda təmiri üçün xərc çəkməsi işin müəyyən olunmuş hallarına uyğun deyildir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar