Məhkəmə qərarları › İş №2(043)-2813/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2813/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2813/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 333 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 09.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 414 manat (18 ay x 23 manat + 0 manat ilkin ödəniş) olan “Hoffman” markalı aspirator, blender və “Braun” markalı ütü üçün 97 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu, cəmi 106 manat borcu vardır. Cavabdehin "xxxx" MMC ilə bağladığı 06.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 494 manat (12 ay x 40 manat + 14 manat ilkin ödəniş), İMEİ kodu **********67457 olan “X1 7” markalı telefon üçün 207 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 227 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 604 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmənin 5 oktyabr 2021-ci il tarixli iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, sonrakı iclas üçün isə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 09.02.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 414 manat olan “Hoffman” markalı aspirator, blender və “Braun” markalı ütünü nisyə qaydada almış, ayda 23 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 06.10.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 494 manat, İMEİ kodu **********67457 olan “X1 7” markalı telefonu nisyə qaydada almış, 14 manat ilkin ödəniş edərək ayda 40 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09.02.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 317 manat ödəmiş, 97 manat borcu qalmışdır. Ödənişlərin 120 gün gecikdirilməsinə görə 9 manat dəbbə pulu hesablanmışdır. 06.10.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 287 manat ödəmiş, 207 manat borcu qalmışdır. Ödənişlərin 150 gün gecikdirilməsinə görə 20 manat dəbbə pulu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqısatqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissə-hissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyini vaxtında və tam icra etməmişdir. Cavabdeh öz öhdəliklərini icra etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin müqavilələrdə gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı dəbbə pulu məbləğləri müvafiq müqavilələrin şərtlərinə uyğundur və gecikdirilmiş məbləğlərə mütənasibdir. Buna görə də dəbbə pulunun tutulması hissəsində də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 09.02.2019-cu il tarixli müqavilə üzrə 97 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu, 06.10.2019-cu il tarixli müqavilə üzrə 207 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 333 (üç yüz otuz üç) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar