Məhkəmə qərarları › İş №2(043)-2815/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2815/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2815/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 27.11.2018-ci il tarixli, 24.102019-cu il tarixli və 02.12.2019-cu il tarixli üç müqavilə üzrə 1745 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1775 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 27.11.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 420 manat (20 ay x 21 manat), İMEİ kodu **********03059 olan Samsung J2 markalı telefon üçün 105 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə bağladığı 24.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1422 manat (18 ay x 79 manat), Samsung markalı paltaryuyan maşın üçün 1027 manat ödənilməmiş hissə, 102 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə bağladığı 02.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 504 manat (21 ay x 24 manat), İMEİ kodu **********55664 olan Samsung Galaxy A10 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 45 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 758 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 27.11.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 420 manat, İMEİ kodu **********03059 olan Samsung J2 markalı telefonu nisyə qaydada, malın dəyərini ayda 21 manat olmaqla, 20 ay müddətinə ödəmək şərtilə almışdır. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 24.10.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1422 manat olan iki ədəd Samsung markalı paltaryuyan maşını nisyə qaydada, malın dəyərini ayda 79 manat olmaqla, 18 ay müddətinə ödəmək şərtilə almışdır. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 504 manat, İMEİ kodu **********55664 olan Samsung Galaxy A10 markalı telefonu nisyə qaydada, malın dəyərini ayda 24 manat olmaqla, 21 ay müddətinə ödəmək şərtilə almışdır. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27.11.2018-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 315 manat ödəmiş, 105 manat borcu qalmışdır. Ödənişlərin 150 gün gecikdirilməsinə görə 10 manat cərimə hesablanmışdır. 24.10.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 395 manat ödəmiş, 1027 manat borcu qalmışdır. Ödənişlərin 390 gün gecikdirilməsinə görə 102 manat cərimə hesablanmışdır. 02.12.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 48 manat ödəmiş, 456 manat borcu qalmışdır. Ödənişlərin 450 gün gecikdirilməsinə görə 45 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 476.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən 27.11.2018-ci il tarixli müqavilə üzrə 105 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 24.10.2019-cu il tarixli müqavilə üzrə 1027 manat ödənilməmiş hissə, 102 manat dəbbə pulu, 02.12.2019-cu il tarixli müqavilə üzrə 456 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu olmaqla, ümumilikdə 1745 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 27.11.2018-ci il tarixli müqavilə üzrə 105 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 24.10.2019-cu il tarixli müqavilə üzrə 1027 manat ödənilməmiş hissə, 102 manat dəbbə pulu, 02.12.2019-cu il tarixli müqavilə üzrə 456 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu olmaqla, ümumilikdə 1745 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 1775 (min yeddi yüz yetmiş beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar