Məhkəmə qərarları › İş №2(043)-2829/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2829/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2829/2021 14.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nisyə alğı-satqı müqaviləsi üzrə 79,8 manat ödənilməmiş hissə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 12.01.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, “Philips” markalı üzqırxan almış və nəticədə 79,8 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.01.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 190,8 manat (12 ay x 15,90 manat + 0 manat ilkin ödəniş) Philips markalı üzqırxan üçün ümumilikdə, 79,8 manat olmaqla ondan, 79,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 111 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh iddiaya yazılı qaydada etiraz edərək bildirmişdir ki, 12.01.2020-ci il tarixdə "xxxx" MMC ilə bağladığı müqaviləyə əsasən “Philips” markalı üzqırxan almışdır. Müqavilə bağlanan zaman onun hərbçi olması nəzərə alınmış və buna uyğun ona nisyə qaydada əmlak satılmışdır. Hər ay ödənişlərini müqavilənin şərtlərinə uyğun ödəmişdir. 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq müharibədə iştirak etmiş və 19 oktyabr 2020-ci il tarixdə yaralanmışdır. 180 gün müddətində hərbi hospitalda müalicə olunmuşdur. Hazırda müharibə əlilidir və əmək qabiliyyəti yoxdur. Aldığı üzqırxan da düşmənin atdığı minomyot atəşi nəticəsində avtomobilin yanması nəticəsində məhv olmuşdur. Hazırda müqavilə bağlanılarkən ona kredit verilməsi üçün müəyyən edilmiş şərtlər mövcud deyildir. Yəni sağlamlığını itirmişdir, əmək qabiliyyəti, iş yeri və qazancı yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, cavabdehin etirazında göstərdiyi hallarla bağlı olaraq hesablanmış dəbbə pulunun silindiyini, lakin əsas borcun silinməsinin mümkün olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, etirazının məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 12.01.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 79,8 manat olan “Philips” markalı üzqırxanı nisyə qaydada almış, ayda 15,90 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12.01.2020ci il tarixli müqavilə üzrə əsas məbləğdən 111 manat ödəmiş, 79,8 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsidir. Nisyə alğısatqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilə üzrə aldığı malların qiymətini hissə-hissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyini vaxtında və tam icra etməmişdir. Cavabdeh etirazında göstərdiyi əsaslarla borcun bağışlanmasını tələb etsə də borcun bağışlanması kreditorun səlahiyyətindədir və kreditor borcu bağışlamaqdan imtina etmişdir. Belə olan halda Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyanın qalıq dəyərinin ödənilməsi tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 12.01.2020-ci il tarixli müqavilə üzrə 79,8 manat ödənilməmiş hissə və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul olmaqla, cəmi 99,8 (doxsan doqquz tam onda səkkiz) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar