Məhkəmə qərarları › İş №2(043)-2832/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2832/2020

17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2832/2020 17.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia qaldıraraq Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)447/2017 saylı qətnaməsi ilə azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kımı saxlanması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək sabıt pul məbləği ilə hər ay 170 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-cı ıl tarixli 2(043)-374 2017 saydı qətnaməsi ilə onun xeyrinə Cavabdeh xx.xx.2012-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat alimentin tutulması qət edilmişdir. Alimentin kəsilməsindən 3 il keçmişdir və bu müddətdə həyat səviyyəsində, yaşayış səviyyəsində bir çox dəyişikliklər olmuşdur. Bu dəyişikliklər cənab prezidentin yaşayış minimum haqqında fərmanlarında hər il öz əksını tapmışdır. Hər ay 110 manat aliment uşağın maddi təminatım təmin etmir. Belə ki, artıq uşağı orta məktəbə gedir və onun hər gün əlavə xərcləri yaranır. Bu səbəbdən də o Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək artırılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh yazılı etirazını məhkəmənin dəftərxanası vasitəsilə məhkəməyə təqdim edərək, etirazında göstərmişdir ki, iddiaçı ilkin zaman məhkəməyə aliment tələbi ilə müraciət etdikdə, “SOCAR” şirkətində işlədiyini və 550 manatdan artıq məbləğində əməkhaqqı aldığını məhkəmədə bildirmişdir. O isə birinci qrup əlil olduğunu və öhdəsində yeni qurulmuş ailəsindən iki azyaşlı uşaqlarının olmasını sübut olaraq məhkəməyə sübutlar təqdim etməyinə baxmayaraq, hakim tərəfindən qanunvericilyin tələbləri, maddi - hüquq normaları eləcədə prosessual hüquq normaları pozulmuşdur. Məhkəmədə hakim ədalətsizlik edərək, onun yeni qurulmuş ailəsindən olan iki azyaşlı övladlarının hüquqlarını pozmaqla aliment təyin etmişdir. O birinci qrup əlil olmaqla, yüz faiz əmək qabiliyyətini itirmiş, yalnız dövlətdən aldığı pensiya ilə yaşamışdır. Hazırda həmin pensiyada ləğv edilmişdir. Bir sözlə heç bir yerdən gəliri, qazancı yoxdur, elə əvvəldən də olmamışdır, iddiaçı isə bunlardan xəbərdar olduğundan qərəzli sürətdə, qəsdən, bilə- bilə qərəzliliklər edərək, əsassız, sübutsuz olaraq, heç bir yerə sığmayan böhtanlı iddia ərizəsi ilə alimentin miqdarının artırılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, bildirdi ki, tələb olunan 170 manat məbləğində aliment ödəməyə cavabdehin imkanı çatmır. Cavabdeh xəstədir və heç bir yerdə işləmir. Bundan başqa cavabdehin hazırda başqa qadınla nikahı var və həmin nikahdan iki övladı var. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(043)-374/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən etibarən azyaşlı Harunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin alınaraq X7 xeyrinə ödənilməsi qət edilmişdir. Əsli məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 246884 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxxx 2012-cı il tarixdə X2 doğulmuş X8 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında xx xxxx 2013-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 540 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası X1r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. İddiaçı cavabdehdən tutulan alimentin miqdarının artırılıb 170 manat müəyyən edilməsini əsaslandırmaq üçün cavabdehin və ya özünün maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı sübutlar təqdim edə bilmədi. Bununla belə, məhkəmə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(043)-374/2017 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. İddianın qiyməti aylıq ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat hissəsi cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. xx xxxxxxx 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar