Məhkəmə qərarları › İş №2(043)-2833/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2833/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2833/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmişicraatqaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2017-ci il tarixli, LD********** nömrəli müqavilə üzrə əsas borc üzrə 1633,62 (bir min altı yüz otuz üç manat 62 qəpik) manat, cərimə üzrə 163,36 (bir yüz altmış üç manat 36 qəpik) manat olmaqla ümumilikdə 1796,98 (bir minyeddi yüz doxsan altı manat 98 qəpik) kredit borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyrlərinətutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərardadlamülki iş sadələşmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, ləğv prosesində olan (müflis olan) BOKT «X4 MMC ilə cavabdehlər arasında xx xxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən BOKT «X4 MMC cavabdehə 36 ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixə qədər aylıq qalıq borcun 0 % faiz dərəcəsini tətbiq etməklə 2242,62 (iki min iki yüz qırx iki manat 62 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx xxxxxx 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan (müflis olan) «X4 MMC tələb hüququnu X5 Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt etmişdir.Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi icra etməmişlər. Hazırda 1633,62 manat məbləğində kredit borcu və 163,36 manat məbləğində cərimə borcu qalmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, əsas borcu qəbul edir və hissə-hissə ödəməyə etiraz etmir. Ancaq cəriməni ödəməyə maddi imkanı yol vermir. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2017-ci il tarixli, LD/17039/00003 nömrəli kredit müqaviləsidən görünür ki, BOKT «X4 MMC tərəfindən cavabdehə 36 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixə qədər aylıq qalıq borcun 0% faiz dərəcəsini tədbiq etməklə 2242,62 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyəarayışındangörünür ki, cavabdehin xx.xx.2017-ci il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 1633,62 (bir min altı yüz otuz üç manat 62 qəpik) manat əsas borcu, 163,36 (bir yüz altmış üç manat 36 qəpik) cərimə olmaqla ümumilikdə 1796,98 (bir min yeddi yüz doxsan altı manat 98 qəpik) mana məbləğində kredit borcuqalmışdır. Tələbingüzəştihaqqında xx xxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Ləğv prosesində olan «X4 MMC tələb hüququnu X5 Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt etmişdir. Məhkəmə iclasında müəyyən edildiki, ləğv prosesində olan BOKT «X4 MMC ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli, LD/17039/00003 nömrəli kredit müqaviləsi bağlanaraq, ləğv prosesində olan BOKT «X4 MMC tərəfindən cavabdehə 36 ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixə qədər aylıq qalıq borcun 0 % faiz dərəcəsini tətbiq etməklə 2242,62 (iki min iki yüz qırx iki manat 62 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit təşkilatı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanaraq zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan «X4 MMC tələb hüququnu X5 Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt etmişdir.Cavabdehlər müqavilə üzrə öhdəliyi tam icra etmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyy keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə pulu ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 163,36 manat cərimə məbləği azaldılaraq 3,36 manat həddində müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2017-ci il tarixli, LD/17039/00003 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 1633,62 (bir min altı yüz otuz üç manat 62 qəpik) manat əsas borc və 3,36 manat cərimə olmaqla, cəmi 1636,98 (bir min altı yüz otuz altı manat 98 qəpik) manat kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq X5 Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli, LD/17039/00003 nömrəli müqavilə üzrə 1633,62 manat əsas borc və 3,36 manat cərimə olmaqla, cəmi 1636,98 (bir min altı yüz otuz altı manat 98 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq X3 Kredit Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyirinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar