Məhkəmə qərarları › İş №2(043)-284/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-284/2021

19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-284/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “maddi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu həm maddi həm də mənəvi ziyana görə 10000 manat, məhkəmə xərci olan 30 manat və sənədlərin tərtibatı üçün 50 manat olmaqla, cəmi 10080 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri 83-cü hərbi şəhərcik, bina 391, mənzil 2-də uzun illərdir ki, yaşamaqla mənzili idarə edir. Mənzilin ikinci mərtəbəsində, yəni Gəncə şəhəri 83-cü hərbi şəhərcik,bina 391,mənzil 5-də yaşayan hazırkı iddia tələbi üzrə cavabdeh olan Cavabdeh yaşayır. Cavabdeh ona müxtəlif vaxtlarda ziyan vurmuşdur. Belə ki, 2019-cu ilin avqust ayında evində təmir işləri gördürmüşdür. Bundan sonra onun və qonşuların qazlarından su axmağa başlamışdır. Onun mebelinin ayaq hissəsi də islanmışdır. Buna görə də o və digər qonşular bu məsələ ilə bağlı X5 İdarəsinə müraciət edib, qaz torbasının içərinindən su tökülməsini və mətbəxt mebelinin yararsız vəziyyətə düşməsini demişlər. Həmin idarədən 10 nəfərdən artıq briqada gəlib, onun və digər qonşuların evinə baxış keçirmişdir. Məlum olmuşdur ki, cavabdeh evində heç bu sahədə sərişdəsi olmayan ustadan istifadə etməklə minutqanın qaz xəttinə birləşdirməsi ilə bağlı olaraq, qaz piltəsinin borusuna və içərisinə su dolaraq, ona və digər qonşulara ziyan vurmuşdur. Həmin vaxt onun mətbəxt mebelinə ziyan dəymiş, mebelin siyirmələri 3-4 gündən sonra zorla açılmış və işlək vəziyyətdən yararsız hala düşmüşdür. 200 manata aldığı qaz piltəsinin gözləri sıradan çıxmış, dəmkeşi çürümüş və yararsız vəziyyətə düşmüşdür. O, bu barədə cavabdehə bildirsə də heç bir nəticəsi olmamış və ona vurulmuş ziyanı ödəməmişdir. Qonşu olmalarını nəzərə alaraq bu barədə heç bir yerə şikayət də etməyərək susmuşdur. Lakin, bundan nəticə çıxarmayan cavabdeh 2019-cu ilin noyabr ayının 06-da ona yenidən ziyan vurmuşdur. Evində su kranını gecədən səhərə kimi açıq qoymuş nəticədə onun evinin mətbəxinə, hamamına və tualetinə ziyan dəymiş, yəni tavanı sıradan çıxmış, mətbəxt mebelinin üst hissəsindən su axmış, yararsız hala düşmüş və su axması nəticəsində 150 manat dəyərində təzə asperatır yanmışdır. O, yararsız hala düşmüş mətbəxt mebelini bir neçə il öncə 2000 manata yığdırmışdır. Hazırda da onun evinə su axmaqda davam edir. O cavabdehin hərəkətlərinə görə təmiz və səliqəli, rahat evdə yaşaya bilmir. Ona etdiyi hərəkəti bildirəndə xoşagəlməz sözlər deyir. Ona vurduğu ziyanı könüllü ödəmək istəmir. Məhkəmədən xahiş edir ki, məhkəmə gedişatı zamanı, evinə vurulmuş ziyan mütəxəsis vasitəsi ilə hesablansın və bundan asılı olaraq qətnamə qəbul ediİsin. 2019-cu ilin avqust ayından bu günə kimi əsəb və sarsıntı keçirmişdir.Artıq cavabdehin hərəkətləri onu bezdirib. Bu müddət ərzində cavabdeh ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. O həm maddi, həm də mənəvi ziyana görə vurulmuş məbləği 10000 manat hesab edir. Bundan əlavə məhkəmə xərcinin, iddia tələbinin tərtibarı üçün xərclədiyi pulun da iddianın təminindən asılı olaraq, qarşı tərəfdən alınıb onun xeyrinə verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iş üzrə keçirilmiş ekspertiza rəylərində göstərilən məbləğlərlə razıdır. Bu səbəbdən ekspert rəyində göstərilən mətbəx mebelinin qiyməti 850 manat, “Zanetti” markalı aspiratorun qiyməti 70 manat, qaz plitəsinin qiyməti 100 manat, evinin təmir bərpası üçün çəkilməli olan 443 manat, sənədlərin tərtibi üçün xərclədiyi 50 manat, ödədiyi 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1543 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 04.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh X3 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o, iddiaçının qonşuluğunda olan Gəncə şəhəri 83cü hərbi şəhərcik,bina 391, 5 ünvanda yerləşən mənzili 2015-ci ildə almışdır. İddiaçının mənzilinə qeyd etdiyi su sızması ondan əvvəlki mülkiyyətçinin vaxtında olmuşdur. O, iddiaçının mənzilinə zərər yetirməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında olan mənzil İddiaçı adına qeydə alınmışdır. İddiaçı, mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən axan suyun onun mənzilinə və məişət əşyalrında zərər vurduğunu bildirərək, cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə izahatında hazırda ona məxsus mənzildən iddiaçının mənzilinə su axıdılmadığını, onun mənzilinə su sızmasının keçmiş mülkiyyətçinin vaxtında olduğunu, onun tərəfindən iddiaçının mənzilinə və əşyalarına heç bir ziyan vurulmadığını bildirmişdir. İş materiallarında olan 1 nömrəli Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 11.02.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən 38/83 saylı hərbi şəhərcik bina 391, mənzil 2 ünvanında yaşayan İddiaçı mənzilinə baxış keçirilmiş və aşkar olunmuşdur ki, mənzilə həqiqətən bina 391 mənzil 5 ünvanında yaşayan şəxs tərəfindən mənzilə su axıdılaraq mənzilin sanitar qovşağının (hamam, ayaqyolu) tavan hissəsi (3 kv.m), mətbəx tavanı (6 kv.m) və mətbəx avadanlıqlarına ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 19.03.2021-ci il tarixli 10/4035 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, 83-cü hərbi şəhərcikdə yerləşən 391 saylı binanın 2 saylı mənzil - tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan Gəncə şəhər Mənzil İstismar Hissəsinin 1 saylı MİS-in əməkdaşları tərəfindən 2 saylı mənzilə baxış keçirmiş və bu barədə 11.02.2020-ci il tarixli aktın məlumatlarına əsasən Gəncə şəhəri, 83-cü hərbi şəhərcikdə yerləşən 391 saylı binanın 2 saylı mənzilinə yuxari mərtəbədəki 5 saylı mənzildən suyun sızması müəyyən olunur. 5 saylı mənzilə baxış keçirilən zamanı, həmin mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olunmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 2 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, 83-cü hərbi şəhərcikdə yerləşən 391 saylı binanın 2 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərin dəyəri mövcud bazar qiymətlərinə uyun olaraq təqribən 443 manat məbləğində olduğu müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.08.2021-ci il tarixli 9/3372 nömrəli rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1020 manat müəyyən olunur. Həmin malların ayrılıqda qiymətləri: 2,40 x 1,85 m ölçülü, fanel materialdan hazırlanmış mətbəx mebeli (2014-cü ildən istifadə olunduğu nəzərə alınmaqla)- 850 manat, “Zanetti” markalı aspirator – 70 manat, qaz plitəsi – 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertiza tədqiqatları nəticəsində verilmiş rəyləri sübut növü kimi qəbul edir və onlarla razılaşır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, iddiaçıya məxsus mənzilə həmin mənzilin yuxarı mərtəbəsindəki 5 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Eyni zamanda su sızmaları nəticəsində mənzilin tavanına və mətbəx əşyalarına zərər vurulmuşdur. Yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin ümumi qiyməti 1463 manat (mənzilin təmiri üçün - 443 manat; məişət əşyaları: mətbəx mebeli - 850 manat, aspirator – 70 manat, qaz plitəsi – 100 manat) məbləğində hesablanmışdır (ekspert rəyləri № 10/4035 və 9/3372). Bundan başqa iş materiallarında olan “Ümüd hüquq məsləhtxanası” tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin tərtibi üçün 50 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsi təşkil edir. Bununla bağlı, cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində iddiaçıya mənzildə təmir-bərpa üçün 1463 manat və iddia ərizəsinin tərtibi üçün 50 manat məbləğində zərər vurulması faktı mötəbər sübutlarla təsdiq olunduğundan, vurulmuş zərərin əvəzi kimi cəmi 1513 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəmə iclasında ona məxsus Gəncə şəhəri 83-cü hərbi şəhərcik,bina 391, 5 ünvanda yerləşən mənzili 2015-ci ildə aldığını, iddiaçının mənzilinə su axıdılmasının ondan əvvəlki mülkiyyətçinin vaxtında olduğunu və onun tərəfindən iddiaçının mənzilinə zərər vurulmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş 11.02.2020-ci il tarixli aktla təsdiq olunur ki, iddiaçıya məxsus mənzilə su axıdılması məhz aktın tərtib edildiyi dövrdə, yəni 5 saylı mənzilin cavabdehin mülkiyyətində olduğu dövrdə baş vermişdir. Bu səbəbdən iddiaçıya məxsus mənzilə dəymiş zərərə görə cavabdeh məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 200 (iki yüz) manat pul da cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 1513 (min beş yüz on üç) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pul X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar