Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-285/2022 01.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 (iki min) manat pulun və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin oktyabr ayında “İnstagram” sosial şəbəkəsində Gəncə şəhərində mebel sexi olan mebel ustası Sakif adlı şəxslə tanış olmuşdur. O, Sakiflə “İnstagram” sosial şəbəkəsində danışmış, daha sonra Sakif yaşadığı ünvana gələrək mebellərin ölçülərini götürmüşdür. O, 2020-ci ilin noyabr ayının əvvəllərində Sakifə mebellərin ölçülərini götürən zaman 2000 manat pul vermişdir. Sakif ona mebelləri 2020-ci ilin noyabr ayının sonlarına kimi hazırlayıb təhvil verəcəyini demişdir. Lakin bu günə kimi Sakif nə mebelləri hazırlayıb təhvil vermiş, nədə ki pulunu qaytarmamışdır. Sakif mebel düzəltmək adı ilə ondan 2000 manat pul alaraq vədinə əməl etməmiş onu aldatmışdır. O, bu barədə Goranboy Rayon Polis Şöbəsinədə müraciət etmişdir. Lakin, orada onun işinə baxmamışlar. İş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişlər. O, dəfələrlə cavabdehlə əlaqə saxlamaq istəmiş, ona zəng etmişdir. Şəmkir rayonunun Qaracəmil kəndinə onun dayısı Əmirxanın evinə ağsaqqal qohumunu göndərmişdir ki pulunu qaytarsın və ya mebeli ona versin. Lakin, cavabdeh bu günə kimi onu aldadır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehlə onun arasında mebelin qiyməti 5000 manata razılaşdırılmışdır. O, həmin məbləğin 2000 manat hissəsini dərhal vermiş, qalan məbləği isə mebel təhvil verildikdən sonra ödəməli idi. Cavabdeh mebeli 2020-ci ilin noyabr ayının sonunadək düzəltməli idi. Lakin, sonradan o, həmin müddəti 2021-ci ilin mart ayınadək uzatmışdır. Buna baxmayaraq, cavabdeh yenə də mebeli düzəldib ona verməmişdir. Bu səbəbdən cavabdehə avans kimi verdiyi 2000 manat pulu ondan geri tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24.03.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı Goranboy Rayon Polis şöbəsinə etdiyi müraciətlə bağlı aparılan araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, mebel ustasıdır, 2020-ci ilin noyabr ayında İddiaçı ona müraciət edərək, mebel sifariş etmiş, mebelin qiyməti 5000 manata razılaşdırılmışdır. Bundan sonra İddiaçı öz evində ona 2000 manat beh pul vermişdir. Lakin, sifariş edilən mebelin qapıları Bakıdan gec gəldiyi üçün İddiaçı sifarişini gecikdirmişdir. O, İddiaçı pulunu qapıları düzəldən sexdən alan kimi qaytaracağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi formada mebelin düzəldilməsi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının sifarişi əsasında dəyəri 5000 manat olan mebeli 2020-ci ilin noyabr ayının sonunadək düzəldib ona təhvil verməli, iddiaçı isə mebelin dəyərinin 2000 manat hissəsini cavabdehə avans kimi vermiş, qalan məbləği isə mebel təhvil verildikdən sonra ödəməli idi. Cavabdeh öhdəliyini şərtləşdirilmiş müddət ərzində icra etmədiyinə görə, iddiaçı ona əlavə müddət vermiş, lakin buna baxmayaraq, cavabdeh yenə də nə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nə də iddiaçıdan avans kimi aldığı pulu ona qaytarmamışdır. Odur ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilənin icrasından imtina edərək cavabdehə avans kimi verdiyi 2000 manat pulu ondan geri tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-285/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-285/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver