Məhkəmə qərarları › İş №2(043)-2892/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2892/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2892/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Hacıyeva Günel Bayram qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2017-ci il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 410,37 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT “X2” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, xx.xx.2019-cu il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 2155,42 məbləğində kredit verilmişdir. BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə, cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir fayda verməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-yə olan borcunun məbləği əsas borc üzrə 410,37 manat təşkil edir. İddiaçı BOKT “xxxxxxxx” MMC-in nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 izahat verib iddianı etiraf etdiyini, lakin maddi imkanı olmadığından banka olan borcunu hissə-hissə ödəməyə vaxt verilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: BOKT “X2” MMC (Borcverən) ilə Cavabdeh1 (borcalan) arasında xx.xx.2017-ci il tarixli LD/********** saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləsinin 1.4-cü bəndinə əsasən Bank tərəfindən borcalana 24 ay müddətinə xx.xx.2019-cu il tarixədək, ilin 360 günü hesabı ilə illik 0,00 % dərəcəsi tətbiq etməklə 2155,42 manat məbləğində kredit verilmişdir, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. BOKT “X2” MMC ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2017-ci il tarixli LD/********** saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən ilə borcalan arasında bağlanmış xx.xx.2017-ci il tarixli LD/********** saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli Hüquqların və tələblərin güzəşti haqqında müqavilədən görünür ki, Cavabdeh1ilə BOKT “X2” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ BOKT “xxxxxxxx” MMC-yə güzəşt edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 410,37 manat təşkil edir. Məhkəmə tərəfi dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, BOKT “X2” MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış və tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildiriş/müqavilədən görünür ki, BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427 və 739-cu maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, borclu kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun kreditin ödəmə müddətinin sonuna, banka 410,37 manatəsas borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 410,37 manat məbləğində əsas kredit borcu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə, həmçinin istinad edilmiş Mülki Məcəllənin 470 və 472-ci maddələrinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyətləri müəyyən olunsa da, məhkəmə hesab edir ki, Cavabdeh2 Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyinə xitam verildiyindən iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Belə ki, həmin maddəyə görə zaminlik müqaviləsində göstərilmiş, onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Buna baxmayaraq iddiaçı həmin müddətdən 1 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçının tələbi ona aid olan hissədə rədd edilməlidir. Həmçinin, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə Cavabdeh1 tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2017-ci il tarixli LD********** saylı kredit müqaviləsi üzrə 410,37 manat (dörd yüz on manat otuz yeddi qəpik) əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat pul tutularaq BOKT “xxxxxxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar