Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2933/2021 16.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12521 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdehlər onun qonşuları olmuş, uzun illər bir-birilərini tanımışlar. Həmçinin Gəncə şəhəri, Nizami küçəsində onun qadın paltarı dükanı vardır, cavabdehlər ondan nisyə paltar almışlar. Beləliklə onların aralarında etibar yaranmışdır. Bundan başqa, cavabdehlər ondan nisyə qızıl-zinət əşyaları almışlar. Ödənişləri isə cavabdehlərin 2020-ci ilin dekabr ayında ona verdikləri bank kart hesablarından çıxarmışdır. Sonuncu dəfə o, cavabdehlərə cari ilin fevral ayının 25-də 3000 manat dəyərində qızıl-zinət əşyası satmış və cavabdehlərin ona olan ümümi borcları 12521 manat təşkil etmişdir. Bu barədə cavabdehlər ona öz imzaları ilə təsdiq edilmiş yazılı qəbz vermişlər. Həmin qəbzdə cavabdehlər hər ay 600 manat ödəməyi öz öhdələrinə götürmüşlər. Həmçinin cavabdehlər bankdan kredit götürərək borclarını birdəfələk ödəməyə də söz vermişdilər. Bundan sonra ona məlum olmuşdur ki, cavabdehlər ona verdikləri kartları blok etdirmişlər. Cavabdehin öhdəliklərini kart vasitəsi ilə ala bilmədikdə onlardan borcu nağd şəkildə ödəməyi tələb etmişdir. Lakin cavabdehlər bundan sonra onun telefon zənglərinə cavab verməmiş, nisyə aldıqları qızıl-zinət əşyalarına görə yaranmış 12521 manat borcu ödəməkdən yaymışdılar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, həmin məzmunda izahat verərək və məhkəməyə ərizə təqdim edərək hazırda cavabdehlərin ona olan borcunun 11380 manat təşkil etdiyini, ondan Cavabdeh1 qızıl-zinət əşyası aldığını və borcu yarandığını, digər Cavabdeh2 isə qızı Sevdanın ona borcunun olmasını etiraf etdiyini bildirmiş, o bu səbəbdən hər iki cavabdehdən borcun onun xeyrinə tutulmalı olması nəticəsinə gəlmişdir. Məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11380 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, o iddiaçıdan qızıl əşyaları almış, borc sənədini öz əl yazısı ilə yazmış və imzalamışdır. Onun iddiaçıya hazırda 11380 manat borcu vardır. Anası iş üzrə Cavabdeh2 iddiaçıdan qızıl əşyaları almamış və iddiaçıya borcu olmamışdır. Hər ay 200 manat aliment alır, borcundan hər ay yalnız 200 manat ödəyə bilər. Məhkəmədən onun iddiaçıya olan 11380 manat borcunun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ifadəsində bildirdi ki, qızı Cavabdeh1 İddiaçı qızıl əşyaları almış və borcu yaranmışdır. Onun bundan xəbəri olmuş əl yazısı ilə yazılmış borcun etirafı barədə sənəd həmçinin onun tərəfindən imzalanmışdır. Lakin O, özü iddiaçıdan heç bir əşya almamış və onun borcu olmamışdır. Ona məlum olan budur ki, hazırda qızı Sevdanın iddiaçıya 11380 manat borcu vardır. Məhkəmədən qızı Sevdanın borcunun hər ay hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş borcun etirafına dair sənədin surətindən görünür ki, Cavabdeh1 öz əla yazısı ilə sənəd tərtib edərək İddiaçı 12521 AZN-lik qızılı nisyə aldığını, Cavabdeh1 hər ay ona məxsus aliment kartından və nənəsinin pensiya kartından 600 AZN çəkilməsinə etirazı olmayacağını, hər ay 600 AZN ödəyəcəyini, əgər bankdan pul götürə bilərsə borcunu tam bağlayacağını, kartlardan çəkiləcək pula etirazının olmayacağını yazmış və həmin sənədi imzalamış, həmçinin o anası Cavabdeh2 onun borcunu təsdiqləyir yazısını yazmış, Cavabdeh2 həmin sənədi imzalamaqla qızı Sevdanın borcu olmasını təsdiqləmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında razılaşmaya əsasən Cavabdeh1 nisyə qızıl əşyaları almış və nəticədə Cavabdeh1 borcu yaranmışdır. Bundan sonra Cavabdeh1 öz əl yazısı ilə İddiaçı 12521 manat dəyərində qızıl aldığını, onun aliment və nənəsinin pensiya kartından hər ay 600 manat pul çıxarılmasına razı olduğunu bildirmiş və həmin sənədi imzalamış, anası Cavabdeh2 onun borcunu təsdiqləyir yazısını yazmış, Cavabdeh2 həmin sənədi imzalamaqla qızı Sevdanın borcu olmasını təsdiqləmişdir. Cavabdeh1 borcundan hər ay 600 manat ödəyəcəyinə dair öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş və göstərdiyi vaxtda borcu iddiaçıya ödəmədiyindən, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh1 həmin borc məbləğindən 1141 manat iddiaçıya ödədiyini, hazırda onun iddiaçıya 11380 manat məbləğində borcu qaldığını bildirmiş, iddiaçı cavabdehin bu dəlili ilə razılaşaraq ona hazırda 11380 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Həmçinin məhkəmə iclasında tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 şəxsən İddiaçı qızıl əşyaları almış və borcu olmamış, borcun etirafı barədə sənəd onun tərəfindən imzalanaraq qızı Cavabdeh1 iddiaçıya borcunun olmasını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 82.2.-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4.-cü maddəsinə əsasən Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5.-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iş üzrə tərəflər arasında borcun etirafı barədə sənəd tərtib edildiyindən və həmin borcdan Cavabdeh1 tərəfindən edilmiş ödəniş nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 11380 manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 30.40 manatının Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 11380 (on bir min üç yüz səksən) manat məbləğində pul və məhkəmə xərci qismində 30.40 (otuz manat qırx qəpik) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2933/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2933/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver