Məhkəmə qərarları › İş №2(043)-2946/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2946/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2946/2021 16.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh Tapdıq oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Tapdıq oğluna qarşı «törədilmiş cinayət işi nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh Tapdıq oğluna qarşı «törədilmiş cinayət işi nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs Cavabdeh Tapdıq oğlu tərəfindən törədilmiş cinayət nəticəsində ona dəymiş 3900 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Hüseynov X3 şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli 1(043)-94/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iş üzrə şübhəli şəxs qismində həbsdə saxlandığı iki günü bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh Tapdıq oğlu ona əvvəllər "AccessBank"da işlədiyini, 2800 manat pul verəcəyi halda 48000 manat məbləğində güzəştli kredit düzəldəcəyini bildirərək inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə 02 iyul 2017-cı il tarixdə Gəncə şəhərinin Heydər Əliyev prospektində yerləşən Gəncə-Asan xidmət mərkəzində 2800 manat pulunu ələ keçirdikdən sonra, əlavə ödənişlər adı ilə 2017-ci ilin iyul ayının sonunda Gəncə şəhərinin Heydər Əliyev prospektində yerləşən İcra hakimiyyətinin inzibati binasının yaxınlığında 1100 manat pulunu, ümumilikdə, vahid niyyətlə 3900 manat məbləğində pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Cinayət işinin icraatı zamanı mülki iddia vermədikləri üçün iddianı mülki məhkəmə icraatı qaydasında verməli olmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək cavabadeh tərəfindən ona dəymiş maddi ziyanın məbləğindən 700 manat ödədiyini bildirmiş, cavabdehdən 3200 manatın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini, Cavabdeh Tapdıq oğlundan maddi zərər görə 3200 manat və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Tapdıq oğlu izahatında bildirdi ki, onun İddiaçı 3900 manat borcu olmuş, həmin borcdan 700 manat hissəsini ödəmişdir. Hal-hazırda isə onun iddiaçıya 3200 manat borcu qalmışdır. Hazırda maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Ona borcunun hissə-hissə ödəyə bilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını və iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli 1(043)-94/2019 saylı hökmündən görünür ki, Hüseynov X2 Turab Famil oğlunu əvvəllər “AccessBank”da işlədiyini, 2800 manat pul verəcəyi halda 48000 manat məbləğində güzəştli kredit düzəldəcəyini bildirərək inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə 02 iyul 2017-cı il tarixdə Gəncə şəhərinin Heydər Əliyev prospektində yerləşən Gəncə-Asan xidmət mərkəzində 2800 manat pulunu ələ keçirdikdən sonra, əlavə ödənişlər adı ilə 2017-ci ilin iyul ayının sonunda Gəncə şəhərinin Heydər Əliyev prospektində yerləşən İcra hakimiyyətinin inzibati binasının yaxınlığında 1100 manat pulunu, ümumilikdə, vahid niyyətlə 3900 manat məbləğində pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göründüyü kimi, Cavabdeh Tapdıq oğlunun İddiaçı 3900 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi hökmlə müəyyən edilmişdir. Cavabdeh həmin məbləğin 700 manatını iddiaçıya ödəmiş, 3200 manat hissəsi isə hal-hazıradək ödəməmişdir. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mülki hüquq pozuntusu nəticəsində vurduğu zərərin tam həcmdə ödənilməsi öhdəliyini daşıyır, maddi zərərə görə 3200 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh Tapdıq oğlundan maddi zərər görə 3200 (üç min iki yüz) manat və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar