Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2971/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən «xxxxxxxxxxx» MMC-nin xeyrinə 272 manat ödənilməmiş hissə, 27 manat cərimə, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 319 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 412 manat (6 ay x 68 manat+ 4 manat ilkin ödəniş), İMEİ kodu **********62100 olan Samsung Galaxy A20 markalı telefon almış və nəticədə 272 manat ödənilməmiş hissə, 21 manat cərimə olmaqla 299 manat borcu yaranmışdır. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, «xxx» Telecom MMC cavabdehə dəyəri 412 manat, İMEİ kodu **********62100 olan Samsung Galaxy A20 markalı mobil telefonu telefon quraşdırma xidməti ilə birlikdə 4 manat ilkin ödəniş etməklə qalan məbləği ayda 68 manat olmaqla, 6 ay müddətinə ödəmək şərti ilə satmışdır. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 140 manat ödəniş etmiş, 272 manat borcu qalmışdır. Ödənişlərin 120 gün gecikdirilməsinə görə 27 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə cavabdehdən 272 manat əsas, 27 manat cərimə borcu olmaqla, cəmi 299 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 272 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu və 20 manat dövlət rüsumu olmaqla, cəmi 319 (üç yüz on doqquz) manat məbləğində pul tutularaq iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2971/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2971/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver