Məhkəmə qərarları › İş №2(043)-2994/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2994/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2994/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı «Finca Azerbaijan» MMM QBKT-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «Finca Azerbaijan» MMM QBKT-in cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********0131 nömrəli kredit müqaviləsi üzrə 1241 manat əsas, 134 manat faiz borcu, 152,43 manat cərimə olmaqla, cəmi 1527,43 (bir min beş yüz iyirmi yeddi manat 43 qəpik ) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumun xeyrlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərardadla mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı «Finca Azerbaijan» MMM QBKT-in etibarnamə üzrə nümayəndəsi Ramil Heydərov məhkməyə teleqram verərək, məhkəmə iclasında iştirak edə bilmədikləri üçün işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Finca Azerbaijan» MMM QBKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, **********0131 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, illik 32 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 198 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminatı olaraq eyni tarixli, **********0***- ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Cavabdehin müqaviləsi üzrə 1241 manat əsas, 134 manat faiz borcu, 152,43 manat cərimə olmaqla, cəmi 1527,43 (bir min beş yüz iyirmi yeddi manat 43 qəpik ) manat məbləğində kredit borcu qalmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan 2000 manat kredit götürmüşdür. Borcundan bir qismini ödəmiş, maddi imkanı olmadığı üçün borcunu tam ödəyə bilməmişdir. Hazırda borcunu bütövlüklə ödəməyə maddi imkanı çatmır. Borcunu hissəhissə ödəməyə etiraz etmədiyini göstərərək iddia tələbinin cərimə hissəsində təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatından götürdüyü 2000 manat kredit borcunun ödənilməsinin təminatı kimi onunla kredit təşkilatı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit borcundan bir qismini ödəmiş, hazırda qalan borcunu hissə-hissə ödəyəcəkdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019-cu il tarixli, **********0131 nömrəli kredit müqaviləsidən görünür ki, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 32 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh1 oğlu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun xx.xx.2019-cu il tarixli, **********0131 nömrəli kredit müqaviləsi üzrə 1241 manat əsas, 134 manat faiz borcu, 134 manat cərimə olmaqla, cəmi 1527,43 (bir min beş yüz iyirmi yeddi manat 43 qəpik ) manat kredit borcu qalmışdır; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə, illik faiz dərəcəsi 32 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir.Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit borcunun borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə borclu və zamin iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 152,43 manat cərimə məbləği azaldılaraq 10 manat həddində müəyyən edilməlidir. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə 12 ay müddətinə 2000 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2019-cu il tarixli, **********0131 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 1241 manat əsas, 134 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 1385 (bir min üç yüz səksən beş) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «Finca Azerbaijan» MMM QBKT-in xeyirinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********0131 nömrəli kredit müqaviləsi üzrə 1241 manat əsas, 134 manat faiz borcu, 10 manat cərimə olmaqla cəmi 1385 (bir min üç yüz səksən beş) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «Finca Azerbaijan» MMM QBKT-in xeyirinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar