Məhkəmə qərarları › İş №2(043)-3012/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3012/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3012/2021 27.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ondan borc kimi aldığı məbləğin qalan hissəsi olan 1450 manat pulun bank (5%) faiz dərəcəsi hesablanmaqla alınıb verilməsinə, mənəvi ziyan hesab etdiyi 5000 manatın və məhkəmə xərci olan 30 manat pulun cəmi 6480 manat pulun cavabdehdən alınıb, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin sədri vəzifəsində işləyir. X18 Əliyevə həsr olunmuş "Sönməz Günəş" adlı 5 cilidlik poemanın müəllifidir. Asim adlı şəxs onun işçisi olmuşdur. Asim onu Ədalət adlı şəxslə tanış etmişdir. O, Asim və Ədalət Şəmkir rayonun Kür qəsəbəsində yerləşən istirahət məkanında birlikdə olan zaman Ədalət onun 5 cilidlik poeması ilə tanış olmuş və sonra prezidentə təqdim etmək lazım olduğunu və hamının stolüstü kitabı olmasını demişdir. Həmin vaxt Ədalət ona tanışı Qarabağ əlili, veteran Rövşən adlı şəxsin bu işdə vasitəçi olacağını demişdir. Təxminən 2018-ci ilin noyabr, dekabr ayları o, Ədalət və Rövşən adlı şəxslə Gəncə şəhərində yerləşən "Musayevin qarajında" nahar edən zaman Rövşən ona Prezidentin yanında nəzarətçi-cangüdənlərindən olan Mehman adlı şəxsin onun poemasını Prezidentə çatdıracağını demişdir. O, 5 cilidlik "Sönməz Günəş" adlı poemasını Rövşənə vermişdir ki, Mehmana çatdırsın. Bir müddət keçdikdən sonra o kitabları soruşduqda kitabların Prezidentə çatdırıldığını və cavab gözlədiklərini demişlər. Ədalət ona Mehman adlı şəxsə pul lazım olduğunu demişdir. X15 iş tapşırdığını və bunu üçün 2000 manat pul lazım olduğunu demişdir. O da cavabdehə 2000 manat pulu vermişdir. Sonradan başa düşmüşdür ki, Rövşən ona qarşı dələduzluq edib, borc verdiyi pulu qaytarmaq istəmir. Tələbinə əsasən Rövşən hissə-hissə ona 550 manat pul qaytarmışdır. Qalan 1450 manat borcdan yayındığından və hərəkətində dələduzluq əməlinin olmasını hesab etdiyindən, onun hərəkətindən aidiyyəti orqanlara şikayət ərizəsi vermişdir. Tədqiqatçının yanında ondan borc almasını və bir hissəsinin yəni 550 manatını qaytarmasını boynuna almış və onu da bildirmişdir ki, guya ondan 2000 min manat deyil, 1000 manat almışdır. Araşdırma zamanı cavabdehin əməlində dələduzluq hərəkəti olmaması nəzərə alınaraq onun haqqında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona izah olunmuşdur ki, pul tələbi ilə bağlı məhkəməyə müraciət etsin. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edir ki, cavabdehin ondan 2000 manat almasını şahidlər də təsdiq edə bilərlər. O, cavabdeh tərəfindən aldadılmışdır, bu məsələ ilə bağlı əsəb və sarsıntı keçirmişdir. Buna görə də cavabdeh ona qarşı maddi ziyandan başqa, mənəvi ziyan da ödəməlidir. Həmin məbləği o 5000 manat hesab edir. Digər tərəfdən 2018-ci ildən onun pulu cavabdehin ixtiyarındadır. Cavabdeh ona bank faiz dərəcəsi ilə bağlı borclu olduğu 1450 manat məbləğin 5% dərəcəsini ödəməlidir. İddia tələbi təmin edilən zaman, həmin məbləğin və məhkəməyə ödədiyi 30 manat məhkəmə xərcinin cavabdehdən alınıb, onun xeyrinə verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək cavabdeh X2 1450 manat pulun bank (5%) faiz dərəcəsi hesablanmaqla alınıb verilməsinə, mənəvi ziyan hesab etdiyi 5000 manatın, məhkəmə xərci olan 30 manat pulun, habelə 20 ədəd kitabın və 30 vərəq şerinin dəyəri olan 500 manatın, cəmi 6980 manatın alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdeh X6 2018-ci ildə 2000 manat pul vermişdir. Həmin söhbət yalnız ikisinin arasında getmişdir. Rövşən Əsədov onu Prezidentlə görüşdürəcəyini vəd etmiş, lakin vədini yerinə yetirməmişdir. Rövşən Əsədovla dostluğu cəmi bir il çəkmişdir. Cavabdeh ondan aldığı puldan 100 ABŞ dolları və hissə-hissə olmaqla çəmi ona 550 manat pul qaytarmış, 1450 manatını isə qaytarmamışdır. Bundan başqa 5 ədəd “Sönməz Günəş” kitabını ona qaytarsa da digər kitabları qaytarmamışdır. Belə ki, onun verdiyi kitablar iki komplekt olmuşdur. Bundan başqa onun qonaq etdiyi şəxslər cavabdehin kafesində yemək yemiş və onların hesabı 75 manat tutmuş, o, həmin məbləği ödəmişdir. O, cavabdehdən araq almamışdır. Məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 izahatında iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçıdan 1000 manat borc pul almış və həmin pulu artıqlaması ilə, yəni təxminən 1200- 1300 manat iddiaçıya qaytarmışdır. İddiaçıya hissə-hissə 550 manat bir pul vermiş, 100 ABŞ dolları bir pul vermiş, iddiaçının qonaqları ona məxsus restoranda yeyib-içmiş və hesabları 75 manat tutmuş və o həmin məbləği ona olan borcu ilə əvəz etmişdir. Bundan başqa iddiaçı ondan 7 butulka “Berekit” arağı (0,7 litri 15 manat) almış, ona məxsus restoranda nisyə yeyib-içmişdir. İddiaçı ona “Sönməz Günəş” adlı kitabından (5 ədəd) başqa heç bir kitab verməmişdir. Kitabları isə Samux rayonunda “Cəmiyyət” açılanda pay gətirib vermişdir ki, Ulu Öndərə həsr etmişdir. Həmin kitabları isə polis şöbəsində geri qaytarmışdır. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Həm İddiaçı, həm də cavabdeh X9 ilə dost olmuşlar. İddiaçılə 20 il, Rövşən Əsədovla isə 5 il olar ki, dost olmuşdur. Rövşən ona müraciət edərək qaz çəkdirdiyini və ona pul lazım olduğunu bildirmişdir. O da Rövşənlə Eldarı tanış etmişdir. Polis şöbəsindən ona zəng gəlmiş, onu polis şöbəsə çağırmışlar. Polis şöbəsində ona məlum olmuşdur ki, Eldar ondan şikayətçi olmuş, Rövşənin Eldardan 1000 manat pul aldığını və qaytarmadığını bildirmişdir. Eldar onun evinə gəlmiş, Rövşənin ondan 1000 manat pulu borc aldığını, həmin pulu qaytarmadığını, Rövşəni ona görə tanıdığını, ona Rövşənə pulu qaytarmasını deməsini bildirmişdir. Kitab məsələsi ilə bağlı isə qeyd edir ki, Eldar onun yanında Rövşənə “Sönməz Günəş” adlı 5 ədəd kitab vermiş, Eldar ona həmin kitabların yuxarıya çatacağını bildirmişdir. Rövşən isə ona yuxarı dairələrdə Mehman adlı tanışı olduğunu, həmin şəxsin vasitəsilə Eldarın kitablarını satacağını bildirmişdir. Əslində isə Rövşənin Eldardan pul alıb-almamasını, alıbsa nə qədər almasını bilməmiş, Eldar ona Rövşənə 1000 manat pul verdiyini bildirdiyi vaxt onun məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, “Musayevin Qarajı”nın yanında Rövşənə məxsus kafedə Rövşənin yanında adminstartır işləmişdir. Eldar müəllim bir neçə dəfə oturub yeyib-içmiş hesabı verməmiş getmişdir. Rövşən isə ona bildirmişdir ki, o Eldardan 1000 manat pul almışdır. Bir neçə dəfə, “Belikit” markalı 0,7 litr 7 ədəd araq almış, pulunu isə verməmişdir. Rövşənin aldığı borcdan 350 manatını Eldar müəllimin evində vermişlər. Belə ki, Rövşən avtomobillə aparıb Eldar müəlim evində vermiş, o isə maşında gözləmişdir. Bir dəfə 50 manat, bir dəfə də 100 manat vermişdir. Rəşid və Güloğlan adlı şəxslərin yeyib içdikləri hesablarını, 75 manatı Eldar müəllim ödəyəcəyini bildirib, nisyə yazdırmışdır. Dəfələrlə Eldar müəllim oturub yeyib-içəndə Rövşəni də çağırmışlar, yeməyin hesabını verməmiş çıxıb getmişlər. Beləliklə Eldar müəllimin 322 manat kafeyə borcu vardır. Bundan başqa iddiaçı Rövşənə 5 ədəd kitab vermiş, həmin kitablar kafedə qalmış, sonra isə polis əməkdaşlarına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, tərəfləri tanıyır. Onlarla yemək yemişlər. Belə ki, Eldar müəllim deputatlığa namizəd olmuşdur. Sonuncunun plakatlarını paylamaqla məşğul olmuşlar. Eldar müəllimin təklifi ilə 4 nəfər olaraq, o, Yadigar və daha iki şəxs Rövşənin kafesinə getmişlər. Onlar yedikləri yeməyin hesabını verməmişlər, təxminən 75 manat civarında pulu Eldar müəllimin adına yazdırmışlar. Eldar müəllim özü onlara demişdir ki, hesabı özü ödəyəcək. Daha sonra isə Eldar müəllimin özü ilə oturub yeyib-içmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Eldar müəllimin hesabına Rövşənin kafesində oturub dörd nəfər yemək yemişlər. Hesabları təxminən 75 manat tutmuşdur. Həmin hesabı onlar ödəməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin şifahi borc müqaviləsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, İddiaçı cavabdeh X6 1000 manat borc pul vermiş, cavabdeh həmin məbləğin 550 manatını hissə-hissə qaytarmış, 75 manat isə iddiaçının hesabına cavabdehə məxsus kafedə 4 nəfər yemək yemiş və hesabı isə nisyə iddiaçının adına yazdırmış, cavabdeh həmin məbləği borcla əvəz etmişdir. İddiaçı həmin faktı qəbul edərək 75 manat pulu cavabdehə ödəməsini bildirsə də, öz dəlillərini təsdiq edən sübutu məhkəməyə təqdim edəbilməmişdir. İddiaçının X6 2000 manat pul verməsi ilə bağlı dəlillərinə münasibət bildirirək məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən dəlili heç bir sübutla təsdiqini tapmır. Cavabdehin iddiaçıdan yalnız 1000 manat borc pul alması cavabdehin özünün, şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh X3 İddiaçı olan hazırki borcu 375 manat təşkil edir. Həmin məbləğ cavabdehdən alınıb iddaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddianın “əldən çıxmış faydanın ödənilməsi” hissəsinin təmin edilməsini mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, cavabdehin həmin pul məbləğindən faydalanması ilə bağlı işdə hər hansı sübut yoxdur. Həmçinin borc olaraq verilmiş məbləğin vaxtda qaytarılmamasına görə əlavə pulun hesablanması barədə iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılığın olmasını təsdiq edəcək sübut iş materiallarında mövcud deyildir və bu hal məhkəmə iclasında müəyyən edilməmiş, tərəflər arasında olan razılıqda cavabdehin üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi təmin edilməməlidir. Həmçinin məhkəmə iddiaçının mənəvi ziyan hesab etdiyi 5000 manatın alınıb ona verilməsi ilə bağlı iddia irəli sürsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, belə hal məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsanhüquqlarının və X4 haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yenə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-cü bəndində məhkəmlərə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bundan başqa iddia tələbinin 20 ədəd kitabın və 30 vərəq şerinin dəyəri olan 500 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdehin və şahidlərin ifadələri ilə iddiaçının cavabdehə “Sönməz Günəş” adlı 5 ədəd kitab verməsi, həmin kitabların polis şöbəsində təhvil verilməsi və iddiaçının özü tərəfindən qəbul edilməsi öz təsdiqini tapmışdır. Qeyd edilən kitabların sonradan iddiaçının özünə qaytarılmasını isə iddiaçı özü məhkəmə iclasında təsdiq etmişdir. 5 ədəd kitabdan başqa kitabın və 30 vərəq şerin cavabdehə verilməsi ilə bağlı isə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında cavabdeh aldığı borcun müqabilində iddiaçıya araq verməsini, ona məxsus kafedə nisyə yeyib içməsini və aldığı borcu hissə-hissə ödəməsini bildirməsinə baxmayaraq, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 375 manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməli, iddia tələbi qalan hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 20 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını, 10 manat hissəsinin isə iddiaçıya aid edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı qismən təmin olunsun. Cavabdeh X2 375 (üç yüz yetmiş beş) manat məbləğində borc pul və məhkəmə xərci qismində 20 (iyirmi) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar