Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-304/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçının İddiaçı ASC-nin nümayəndəsi X3, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı ASC iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.03.2020-ci il tarixli, İK № 042/İST/2020 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 Banka 1447 (bir min dörd yüz qırx yeddi manat) məbləğində əsas borc, 49,43 (qırx doqquz manat, qırx üç qəpik) manat faiz, 152,20 (bir yüz əlli iki manat, iyirmi qəpik) cərimə borcu olmaqla, 1648,63 (bir min altı yüz qırx səkkiz manat, altmış üç qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən borclu-Cavabdeh1, zamin- Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 06.03.2020-ci il tarixli, İK № 042/ İST/2020 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 23% faiz olmaqla 18 (on səkkiz) ay müddətinə 1519 (bir min beş yüz on doqquz) manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 06.03.2020-ci il tarixli, İK № 042/iST/2020 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh1 06.03.2020-ci il tarixli, İK № 042/İST/2020 saylı kedit müqaviləsinə əsasən 17 sentyabr 2020-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas borcdan 449,87 manat, faiz borcundan isə 329,63 manat ödəməli olduğu halda, əsas borcdan 72 manat, faiz borcundan isə 128 manat ödəniş etmişdir. Hal-hazırda borclunun Banka 1447 (bir min dörd yüz qırx yeddi) manat əsas, 49,43 (qırx doqquz manat, qırx üç qəpik) manat faiz, 152,20 (bir yüz əlli iki manat, iyirmi qəpik) cərimə borcu olmaqla, 1648,63 (bir min altı yüz qırx səkkiz manat, altmış üç qəpik) manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 06.03.2020 il tarixli, İK № 042/İST/2020 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 46 olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşmar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. İşə məhkəmədə baxılarkən İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Banka qalığı 1447 (bir min dörd yüz qırx yeddi) manat əsas, 229,67 (iki yüz iyirmi doqquz manat 70 qəpik) manat faiz, 332,47 (üç yüz otuz iki manat 47 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2009.14 (iki min doqquz manat 14 qəpik) manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddianı müdafiə izahatında bildirdi ki, kredit müqaviləsinin şərtlərinə uyğun cavabdehlər dövrü olaraq kredit ödənişini icra etmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar, hazırda cavabdehlərlə bank arasında heç bir razılıq əldə edilməmiş və kredit borcu ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada müqavilə üzrə 1447 (bir min dörd yüz qırx yeddi) manat əsas, 229,67 (iki yüz iyirmi doqquz manat 70 qəpik) manat faiz, 332,47 (üç yüz otuz iki manat 47 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2009.14 (iki min doqquz manat 14 qəpik) manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Məhkəmə iclasında Cavabdeh1 ifadə verərək bildirdi ki, İddiaçı ASC–dən kredit götürməsini və borclu olmasını qəbul edir. Lakin onun müharibədə iştirak etməsi səbəbindən borcunu ödəyə bilməməsinə əhəmiyyət verilməmiş, bank tərəfində cərimə məbləği şişirdilmişdir. Məhkəmədən ödəniş edə bilməsi üçün vaxt verilməsini və cərimə borcunun azaldılmasını xahiş etdi. Əlavə olaraq bildirdi, borc məbləği onun tərəfindən ödəniləcək, zaminləri borcun ödənilməsi ilə bağlı narahat etməyəcəkdir. Məhkəmə iclasında Cavabdeh3 Nriman oğlu ifadəsində bildirdi ki, Cavabdeh1 İddiaçı ASC–dən götürdüyü kredit müqaviləsinə zamin durmuşdur. Məhkəmədən ödəniş edə bilmələri üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ifadəsində bildirdi ki, Cavabdeh1 qardaşının dostu olduğu üçün İddiaçı ASC–dən götürdüyü kredit müqaviləsinə zamin durmuşdur. Məhkəmədən krediti götürən şəxs tərəfindən ödəniş edə bilməsi üçün vaxt verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 06.03.2020-ci il tarixli, İK 042/İST/2020 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən 18 (on səkkiz) ay müddətinə, bank borcluya illik 23% olmaqla 1519 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 10.03.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin xəzinadarlığından 1519 manat pulu götürmüşdür. İş materiallarına əlavə edilmiş 06.03.2020-ci il tarixli, İK 042/İST/2020 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 06.03.2020-ci il tarixli, İK 042/İST/2020 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh3 və X1 birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 11.06.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cu maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi və kreditin təminatı olaraq zaminlik müqavilələri bağlanmış, həmin müqavilə ilə verilən kredit müqabilində ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, həmin məbləğə dəbbə (cərimə) hesablanmışdır. Odur ki, iddiaçının tələbi haqlıdır. Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 332,47 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 30 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1447 manat məbləğində əsas borc, 229,67 manat faiz borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 1706.67 manat İddiaçı ASC-in xeyrinə tutulmalı, iddia tələbinin digər hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1447 manat məbləğində əsas borc, 229,67 manat faiz borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 1706,67 (bir min yeddi yüz altı manat, altmış yeddi qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-304/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-304/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver