Məhkəmə qərarları › İş №2(043)-304/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-304/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-304/2022 14.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən ona məxsus “KZS Electronics” mağazasından aldığı İran istehsalı istilik sobasına görə ödənilməmiş 250 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “KZS Electronics” mağazasını işlədir. O, həmin mağazada məişət texnikası avadanlıqlarının daxili kredit alqı-satqısı ilə məşğuldur. O, müştərilərlə şifahi razılaşmadan sonra aralarında öhdəlik müqaviləsi bağlayaraq dəyərini hissə-hissə ödəmək şərtilə satmışdır. Cavabdeh 23.11.2019-cu il tarixdə qiyməti 250 manat olan İran istehsalı olan istilik sobasını 10 ay müddətinə ödəmək şərtilə götürmüş, lakin qrafik üzrə öhdəliyi pozaraq heç bir ödəniş etməmişdir. Cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 23 noyabr 2019-ci il tarixli müqavilədən məlum olur ki, Cavabdeh İddiaçı dəyəri 250 manat olan İran istehsalı olan istilik sobası almış, ödənişi 10 ay ərzində, hər ay 25 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi cavabdeh iddiaçıdan nisyə qaydada hissə-hissə ödəmək şərti ilə dəyəri 250 manat olan İran istehsalı istilik sobasına görə 10 ay müddətində hər ay 25 manat ödəmək öhdəliyi daşımış, lakin cavabdeh öhdəliyi lazımına və vaxtında yerinə yetirməmiş, borcundan heç bir ödəniş etməmişdir. Öhdəliyin icrasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Lakin borclu öhdəliyin icra edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh 250 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 250 (iki yüz əlli) manat məbləğində ödənilməmiş hissə və dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat olmaqla ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar