Məhkəmə qərarları › İş №2(043)-3086/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3086/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3086/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 Təşkilatı «xxxxxxxx» MMC-in xeyrinə xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 986,97 (doqquz yüz səksən altı manat, 97 qəpik) manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 Təşkilatı «X3» MMC-in Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən kredit təkşilatı tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə xx xxxxxx 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 faiz dərəcəsini tətbiq etməklə 1553.37 (bir min beş yüz əlli üç manat, 37 qəpik) manat məbləğində kredit verilmişdir.Krdeit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx xxxxxx 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan (müflis olan) «X3 MMC tələb hüququnu X5 Təşkilatı "xxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt etmişdir. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi icra etməmişlər. Hazırda 986,97 (doqquz yüz səksən altı manat, 97 qəpik) manat məbləğində kredit borcu qalmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə xx xxxxxx 2017-ci il tarixli, LD/17024/00015 nömrəli kredit müqaviləsindən görünür ki, xx xxxxxx 2016-cı il tarixli, LD/16222/00044 nömrəli keredit müqaviləsi üzrə borcun restrukturizasiya olunması məqsədi ilə X1 24 (iyirmi dörd) ay müddətinə xx xxxxxx 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 faiz dərəcəsini tətbiq etməklə 1553.37 (min beş yüz əlli üç manat, 37 qəpik) manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, cavabdehin xx xxxxxx 2017-ci il tarixli, LD********** saylımüqavilə üzrə 986,97 (doqquz yüz səksən altı manat, 97 qəpik) manat borcu qalmışdır. Tələbin güzəşti haqqında xx xxxxxx 2019-cu il tarixli, müqavilədən görünür ki, X5 Təşkilatı «X3» MMC ilə X5 Təşkilatı «xxxxxxxx» MMC arasında müqavilə bağlanaraq ilk kreditorun xx xxxxxx 2019-cu il tarixli vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ yeni kreditora («xxxxxxxx» MMC-yə) keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə 24 ay müddətinə faizsiz olaraq 1553.37 (bir min beş yüz əlli üç, 37 qəpik) manat məbləğində kredit verməklə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin iddiaçı qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 986,97 (doqquz yüz səksən altı manat, 97 qəpik) manat kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq X5 Təşkilatı «xxxxxxxx» MMC-in xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə müştərək qaydada 986,97 (doqquz yüz səksən altı 97 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul alınaraq X5 Təşkilatı «xxxxxxxx» MMC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar