Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-309/2020 30.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 5800 (beş min səkkiz yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o uzun illərdir ki, Bakı şəhəri Qaradağ rayonu,’’Sədərək”Ticarət Mərkəsində yerləşən 1-ci zona, 7-ci sıra,3-cü korpus, 71 və 72 saylı oğlu x2 icarəsində olan mağazalarda qadın-kişi iç paltarları və pərdəlik parçaların topdan və pərakəndə satışı ilə məşğul olur. Satdığı malların çox hissəsini Çin və Türkiyə Respublikalarından gətirməklə işlətdiyi mağazalarda satıb əldə etdiyi gəlir hesabına ailəsini dolandırmağa və mağazada işləyən satıcıların əmək haqqlarını ödəməyə çalışır. ’’Sədərək”Ticarət Mərkəsində olan bir çox dükanların sahibləri kimi bir sıra hallarda o da daimi müştəriləri olan şəxslərə nisyə istədikləri malları topdan verməklə qısa müddətdə malını satıb dəyərini ona ödəyəcəklərinə dair verdikləri vədlərinə inanaraq onlara malları nisyə vermək məcburiyyətində qalmışdır. Həmin müştərilərdən biri də Cavabdeh olmuşdur. Belə ki, 2017-ci ildə Cavabdeh ondan nisyə 9500 (doqquz min beş yüz) manat dəyərində malını götürüb qısa müddətə satıb dəyərini ödəyəcəyini vəd etsə də, uzun müddət dəyərini qaytarmadığından və onun telefon zənglərinə cavab vermədiyindən o, məcburiyyət qarşısında qalaraq 2018-cu ilin dekabr ayında Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Faktla əlaqədar cavabdeh Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində verdiyi izahatında ona 2017-ci ildə ondan aldığı malları dəyəri olan 9500 (doqquz min beş yüz) manat dəyərində borcu olduğunu etiraf etmiş, polis bölməsində də borcundan 3700 (üç min yeddi yüz) manatını qaytardıqdan sonra qısa müddətdə ona borclu qaldığı 5800 (beş min səkkiz yüz) manatı da qaytaracağını vəd etsə də bu günədək qaytarmamış, telefon zənglərinə də cavab vermir. Hesab edir ki, həmin borc cavabdehdən alınaraq ona qaytarılmalıdır. İddiaçı məhkəməyə teleqram göndərək, işə onun iştirakı olmadan baxılmasını, cavabdeh məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə qiyabi icraat qaydasında baxılıb iddiasının təmin edilməsini xahiş edib. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, iddia tələbini qəbul edir. İddiaçı nisyə 9500 (doqquz min beş yüz) manat dəyərində mal götürmüş və həmin malı Gəncə şəhərində satmışdır. Borcundan 3700 (üç min yeddi yüz) manatını qaytarmışdır. Lakin hazırda imkanı olmadığı üçün 5800 (beş min səkkiz yüz) manat borcunu İddiaçı ödəyə bilmir. Borcunun hissə-hissə ödənilməsinə köməklik edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayonu Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən İddiaçı ərizəsi əsasında toplanmış materialdan görünür ki, cavabdeh işin araşdırması zamanı verdiyi izahatda iddiaçıya olan borcunu etiraf etmişdir. Məhkəmə cavabdehin izahatını və təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 9500 manat dəyərində nisyə mal almış, həmin malın dəyərindən 3700 manatını qaytarmış, iddiaçıya 5800 manat borcu qalmışdr. Bununla da cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmiş, aldığı malın dəyərinin bir qismini ödəməməklə, iddiaçı qarşısında olan öhdəliyini nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdeh həmin borcunu məhkəmə prosesi zamanı etiraf etmişdir. Buna görə də malın dəyəri olan 5800 (beş min səkkiz yüz) manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 91.3-cü maddəsinin tələbin görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh nisyə alınmış malın dəyəri qismində 5800 (beş min səkkiz yüz) manat pul və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cəmi 5830 (beş min səkkiz yüz otuz) manat tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x5 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafa
Məhkəmə qərarları › İş №2(043)-309/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-309/2020
30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver