Məhkəmə qərarları › İş №2(043)-3090/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3090/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3090/2021 22.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 dekabr 2019-cu il tarixli, 129866 saylı akt əsasında hesablanmış 966,98 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək 26 dekabr 2019-cu il tarixli, 129866 saylı aktın ləğv edilməsini və onun əsasında hesablanmış 966,98 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayır. "xxxx" ASC-nin əməkdaşları həmin əraziyə baxış keçirən zaman onun evinin qarşısında olan sayağacın ona məxsus olduğunu hesab edərək, 26 dekabr 2019cu il tarixdə onun barəsində kənar xəttdən istifadə etməsi ilə bağlı 129866 saylı akt tərtib etmişdirlər. Həmin akt əsasında isə ona 966,98 manat borc itirilmiş enerji sərfiyyatına görə pul hesablanmışdır. Lakin həmin xətt və sayğac ona məxsus olmamışdır. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, aktda qeyd edilən sayğac və xətt “Gəncə Sukanal” TSC-yə aiddir. Lakin bu günə qədər 26 dekabr 2019-cu il tarixli, 129866 saylı akt əsasında ona hesablanmış 966,98 manat borc silinməmişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməyərək onun əsassız olduğunu və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Gəncə Sukanal TSC”in 03.12.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanın qarşısında yerləşən subartezian quyusunun idarəetmə otağının elektrik enerjisi “Gəncə Sukanal” TSC-yə aid olan sayğacdan təmin olunur. "xxxx" ASC-in Qərb regionlar enerji təchizatı və satışı idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 27.12.2019-cu il tarixli, aktın surətindən görünür ki, ünvan 2 ünvada yerləşən sayğaca dair tərtib olunmuş akt səhvən tərtib olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, “Gəncə Sukanal TSC”-in balansında olan subartezian nasosuna quraşdırılmış elektrik sayğacının çıxışından götürülən xətt sukanal işçilərinin geyim otağına gələn xətt olmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 129866 saylı aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan V.Xuluflu 71-də elektrik sayağacına baxış keçirirkən sayağacdan kənar birbaşa xətt götürərək qoşulmuş halda aşkar etmişlər. İtirilmiş enerji sərfiyyatına görə hesablanmış "xxxx" ASC-nin 15.01.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı 966,98 manat zərər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti elektrik enerjisinin alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə iddiaçının «sayğacdan kənar xətdən istifadəsi ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən elektrik enerjisi sərfiyyatına görə zərər hesablansa da iddiaçının sayğacdan kənar xəttə qoşulması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sayğacdan kənar xətt çəkməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia təmin olunmalı, iddiaçı İddiaçı barəsində tərtib olunmuş, 26 dekabr 2019-cu il tarixli, 129866 akt ləğv edilməli və həmin akt əsasında hesablanan 966,98 (doqquz yüz altmış altı manat 98 qəpik) manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin olunsun. İddiaçı İddiaçı barəsində tərtib olunmuş, 26 dekabr 2019-cu il tarixli, 129866 nömrəli akt ləğv edilsin və həmin akt üzrə 966,98 (doqquz yüz altmış altı manat 98 qəpik) manat pul silinsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar