Məhkəmə qərarları › İş №2(043)-3092/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3092/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3092/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2850 (iki min səkkiz yüz əlli) manat pulun, həmçinin 2850 (iki min səkkiz yüz əlli) manat pulun 2 (iki) il üçün faiz dərəcəsi 356.25 (üç yüz əlli altı) manat məbləğin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 3236 (üç min iki yüz otuz altı) manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 31 avqust 2018-ci il tarixdə Gəncə şəhəri Hacıkənd qəsəbəsində olan zaman həyat yoldaşı Hüseyn Əzimi ilə məsləhətləşib həmin qəsəbədə ev almaq qərarına gəlmişlər. Həmin qəsəbə ərazisində evində kirayədə qaldıqları Ceyhun Həsənova fikirlərini bildirmişlər, sonuncu Hidayyət adlı dostunun Hacıkənd qəsəbəsində evi olduğunu və satmaq istədiyini bildirmiş, onları Hidayyətlə tanış etmişdir. Hidayyətlə söhbət əsnasında evi, həyətyanı sahəsilə birlikdə 21500 manata alacaqlarına razılaşmışlar. Həmin ev təxminən 3 sot həyətin içində 2 otaqlı köhnə, əsaslı təmirə ehtiyacı olan ev olmuşdur. Hidayyət onlara evin sənədlərində problem olduğu üçün evi hələ sata bilmədiyini, sənədləri qaydasına salmaq üçün ona pul lazım olduğunu, pulu olmadığı üçün sənəd işlərini həll edə bilmədiyini bildirmişdir. Aralarında belə razılaşmışlar ki, evin sənədlərinin qaydasına salınması üçün lazım olacaq pulu onlar Hidayyətə verək yekunda ümumi məbləğdən çıxsınlar. Həmin vaxt üstlərində kifayət qədər məbləğ olmadığı üçün qardaşı X2 xahiş etmişdir ki, ona 1500 manat pul göndərsin. Qardaşı Azər “Beynəlxalq Bank” vasitəsilə ona Bakı şəhərindən 1500 manat pul göndərmişdir. Həmin pulu Gəncə şəhərində “Beynəlxalq Bank”dan götürüb bankın qarşısında Ceyhunun "Jiquli" markalı avtomaşınında Cavabdeh vermişdir. Həmin vaxt avtomaşında o, həyat yoldaşı Hüseyn Əzimi, Ceyhun Həsənov və Cavabdeh olmuşdur. Hidayyət həmin vəsait sənədlərin qaydasına salınmasına kifayət etməsə, əlavə pul lazım olarsa, məlumat verəcəyini bildirmiş, o da Hidayyətə əlavə pul göndərəcəyi ilə razılamışdır. Bundan sonra onlar Bakı şəhərinə qayıtmışlar. Təxminən 3 aydan sonra Hidayyət sənədləşmə işlərinin yekunlaşmaqda olduğunu, əlavə 500 manat pul lazım olduğunu bildirmiş, o da poçt vasitəsilə 19.11.2018-ci il tarixdə Cavabdeh 500 manat pul göndərmişdir. 2019-cu ilin fevral ayında Hidayyət ona zəng edib sənədləşmə işlərinin bitməsi üçün əlavə 850 manat pul lazım olduğunu bununla da sənədlərin qaydasına düşəcəyini bildirmişdir. O, razılaşıb yenə ona poçt vasitəsi ilə 850 manat pul göndərmişdir. Həmin sənədləşmə məsələsi 2019-cu ilin avqust ayına kimi davam etmişdir. 2019-cu ilin avqust ayında Hidayyət evin sənədlərini hızırladığını bildirib ona demişdir ki, evi satmaq mümkündür, ancaq evin yerləşdiyi torpaq sahəsi əmisinin olduğu üçün həmin torpaq sahəsini satmaq mümkün deyil. Hidayyətdən razılaşdığı kimi evi həyətyanı sahəsi ilə birlikdə ona satmasını, ya da alınmırsa onların pulunu qaytarmasını tələb etmişlər. Hidayyət ona demişdir ki, əmisi razı olmadığı üçün evi danışdığı qaydada onlara sata bilməz və hazırda pulu yoxdur. Hidayyət 5 ay möhlət verərsə pulu düzəldib qaytaracağını bildirmiş, o da Hidayyətə pulu qaytarması üçün 5 ay möhlət vermişdir. Onların bu söhbəti təxminən 2019-cu ilin avqust-sentyabr aylarında olmuşdur. Lakin həmin gündən hazırkı vaxtadək 2 il vaxt keçsə də Hidayyət onlara verməli olduğu 2850 manat pulu qaytarmamışdır. Dəfələrlə Cavabdehla əlaqə saxlayıb pulunu qaytarmasını tələb etsə də, cavabdeh işlərinin yaxşı getmədiyini və hazırda pulunu qaytara bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin hal-hazırda Mərkəzi Bankın uçot faiz dərəcəsi 6,25 faiz olduğundan cavabdeh Hidayyət qanunsuz olaraq özündə saxladığı 2850 manat məbləğində pulun faiz dərəcəsi 6,25%-lə hesablanmalıdır. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini, Cavabdeh 2850 manat pulun, həmçinin 2 il üçün faiz dərəcəsi 356.25 manat məbləğin, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3236 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ilə bağlı bildirdi ki, İddiaçı ilə Gəncə şəhəri Hacıkənd qəsəbəsində ona məxsus evin alqı-satqısı ilə bağlı razılaşmışlar. Razılaşmaya əsasən evin sənədlərini düzəldib 21500 manata iddiaçıya satmalı idi. Sənədləşmə üçün pul lazım olduğundan iddiaçıdan cəmi 2850 manat pul almış, sənədləşmə zamanı ona məlum olmuşdur ki, torpaq sahəsini özəlləşdirmək mümkün deyil, ancaq evə dair mülkiyyət sənədlərini düzəltmək mümkündür. İddiaçı isə onunla razılaşmamış, evi almaqdan imtina edərək pulunu tələb etmişdir. Lakin o aldığı pulu evin sənədləşməsinə xərclədiyindən iddiaçının pulunu geri qaytara bilməmişdir. İddiaçı ona kart göndərmiş, pulu hissə-hissə ödənilməsi barədə razılığa gəlsələr də imkanı olmadığından pulu ödəyə bilməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını, ona məxsus torpaq sahəsini satdıqdan sonra iddiaçının pulunu qaytarmasına imkan yaradılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Beynəlxalq Bankın pul köçürməsinin göndərilməsinə dair ərizədən görünür ki, 30.08.2018-ci il tarixli X1 Məhəbbət Zülfiqar qızına 1500 manat maddi yardım məqsədilə pul göndərmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin AZ1143 nömrəli qəbzlərdən görünür ki, İddiaçı 19.11.2018-ci il tarixdə 500 manat və 05.02.2019-cu il tarixdə 350 manat Cavabdeh poçt vasitəsilə pul göndərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhəri Hacıkənd qəsəbəsində yerləşən sonuncunun istifadəsində olan fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, evə dair sənədlərin hazırlanması üçün iddiaçı cavabdehə 2850 manat pul vermişdir. Həmin məbləğin sənədlər hazırlandıqdan sonra evə dair razılaşdıqları ümumi məbləğə aid edilməsi barədə razılaşmışlar. Lakin evə dair sənədləşmə tam aparıla bilmədiyindən tərəflər alqı-satqı müqaviləsindən imtina etmişlər. Ancaq cavabdeh iddiaçıdan avans olaraq aldığı 2850 manat pulu geri qaytarmadığından hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği beh adlanır, lakin mülki qanunvericiliyin tələblərinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmçinin müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, behin yazılı formasına riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Ona görə də mübahisəyə avansla əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 2850 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddianın “əldən çıxmış faydanın ödənilməsi” hissəsinin təmin edilməsini mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, cavabdehin həmin pul məbləğindən faydalanması ilə bağlı işdə hər hansı sübut yoxdur. Həmçinin avans olaraq verilmiş məbləğin hansı vaxtda qaytarılmamasına görə əlavə pulun hesablanması barədə iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılığın olmasını təsdiq edəcək sübut iş materiallarında mövcud deyildir və bu hal məhkəmə iclasında müəyyən edilməmiş, tərəflər arasında olan razılıqda cavabdehin üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin əldən çıxmış faydanın əvəzi 356,25 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 30.40 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində pul və məhkəmə xərci qismində 30.40 (otuz manat qırx qəpik) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar