Məhkəmə qərarları › İş №2(043)-310/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-310/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-310/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı X2-Bank Kredit Təşkilatının (bundan sonra MM QBKT) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 11177.84 USD əsas, faiz borcu üzrə 0.00 USD, cərimə borcuna görə 0.00 USD olmaqla cəmi 11177.84 (on bir min yüz yetmiş yeddi dollar, səksən dörd sent) USD məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, **********7972 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 24 faiz faiz dərəcəsi olmaqla 24 ay müddətinə 25000 (iyirmi beş min) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1326 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 19.12.2014-cü il tarixli, **********7972 saylı kredit müqaviləsi 25.04.2016-cı il tarixli **********4406 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 17169.00 USD, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. 25.04.2016-cı il tarixli **********7***-******* saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Eyni tarixli **********7237-683919 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh3 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 07.05.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 11177.84 USD əsas, faiz borcu üzrə 0.00 USD, cərimə borcuna görə 0.00 USD olmaqla cəmi 11177.84 (on bir min yüz yetmiş yeddi dollar, səksən dörd sent) USD təşkil edir. İddiaçı MM QBKT-nın nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram ünvanlayaraq, iştiraklarının olmadan keçirilməsini və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ifadə verərək bildirdi ki, İddiaçı MM QBKT ilə onun arasında bağlanmış 19.12.2014-cü il tarixli, **********7972 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda kredit borcunu etiraf edir. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Odur ki, qanun tələblərinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və onlara münasibətdə iddianın təmin edilməməsi, yəni zaminliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bu səbəbdən məhkəmə işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 19.12.2014-cü il tarixli, **********7972 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında illik 24 faizlə 24 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə edilmiş 02.07.2015-ci il tarixli, **********4406 saylı kredit müqaviləsinin restrukturizasiyasınına dair **********4406 nömrəli sazişdən görünür ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 02.07.2015-ci il tarixli, **********4406 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra olunmamış hissəsi əsas borcdan qalmış 17169 ABŞ dolları pul illik 2 faiz dərəcəsi ilə 26 ay müddətinə yeni ödəniş qrafiki açılmışdır. İş materiallarına əlavə olunmuş 25.04.2016-cı il tarixli, **********7237-683-919 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, **********7972 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icra edilməsi üçün cavabdehliyi üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 25.04.2016-cı il tarixli, **********7237-683-919 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, **********7972 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icra edilməsi üçün cavabdehliyi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 04 mart 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı MM QBKT-nın xəzinadarlığından 25000 ABŞ dolları pulu imza edərək götürmüşdür. İş materiallarına əlavə edilmiş 07.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 07.05.2021-ci tarixə banka 25 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə 11177,84 ABŞ dolları əsas borc, 0 ABŞ dolları faiz borcu, 0 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11177,84 ABŞ dollar borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında 19.12.2014-cü il tarixli, **********7972 saylı kredit müqaviləsi bağlanmışdır. Restrukturizasiyaya dair 02.07.2015-ci il tarixli, **********4406 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra olunmamış hissəsi əsas borcdan qalmış 17169 ABŞ dolları pul illik 2 faiz dərəcəsi ilə 26 ay müddətinə yeni ödəniş qrafiki açılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı MM QBKT ilə Cavabdeh3 və Cavabdeh2 arasında 25 aprel 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 və Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı MM QBKT öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh1 ilə kredit müqaviləsi restrukturizasiyaya dair müqavilə 25 aprel 2016-cı il tarixdə 26 ay müddətinə bağlanmış və kreditin qaytarılması üçün son tarixi 25.06.2018-ci il müəyyən edilmişdir. Cavabdeh3 və Cavabdeh2 ilə 25 aprel 2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilədə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 25.06.2018-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 04 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə 11177.84 ABŞ dolları əsas borc, 0 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11177.84 ABŞ dolları manat ekvivalentində ödəniş anına manata məzənnə ilə iddiaçının xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 147 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 147 manat dövlət rüsumunun Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11177.84 ABŞ dolları əsas borc, 0 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11177.84 (on bir min yüz yetmiş yeddi dollar səksən dörd sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və məhkəmə xərci qismində 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı X2-Bank Kredit Təşkilatının hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar