Məhkəmə qərarları › İş №2(043)-3110/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3110/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3110/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" QSC-in cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 17.05.2019-cu il tarixli, 006R********** saylı kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehlərdən müştərək qaydada 23873,71 manat məbləğində əsas, 5735,13 manat faiz və 10291,07 manat cərimə olmaqla, cəmi 39899,91 (otuz doqquz min səkkiz yüz doxsan doqquz manat 91 qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" QSC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Cavabdeh2 ilə bank arasında bağlanmış 21.02.2013-cü il tarixli 06L000004276 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 oğlu ilə bank arasında 17.05.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh2 aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 45 ay müddətinə, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 oğlu kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri gecikdirmiş, kredit müqaviləsi üzrə 19.05.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 6126,29 manat ödəniş etmiş və onun iddiaçıya 23873,71 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu qaytarmadığı üçün 23.06.2021-ci il tarixə 400 gün üçün hesablanmış faiz borcu 5735,13 manat, cərimə 10291,07 manat təşkil etmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün borcalan Cavabdeh2 oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan 30000 manat kredit götürmüşlər. Daha sonra maddi vəziyyətləri pisləşdiyindən krediti ödəyə bilməmişlər. Cərimə məbləğinin yüksək olduğunu bildirərək cərimənin azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2013-cü il tarixdə götürülmüş 5000 manat kreditin qaytarılması üçün zamin durmuşdur. 30000 manat kreditdən onun xəbəri yoxdur. İddianın ona aid hissədə əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 21.02.2013-cü il tarixli, 06L000004276 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh2 oğluna 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmış, cavabdehə veriləcək məbləğ «Kredit razılaşması» «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında ayrıca razılaşmalar əsasında verilməsi şərtləndirilmişdir. 17.05.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh2 oğluna 45 ay müddətinə, aylıq 1,9167 % faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. 21.02.2013-cü il və 17.05.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 21.02.2013-cü il tarixli, 06L000004276 saylı kredit xətti müqaviləsi və həmin müqavilə çərçivəsində baglanan əlavə razılaşmadan irəli gələn öhdəliyin icra edilməsinə görə borcalan Cavabdeh2 oğlu ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. 17.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 oğlu iddiaçı "xxxx" QSC-in xəzinədarlığından 30000 manat pulu qəbul etmişdir. 17.05.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 oğlu iddiaçı "xxxx" QSC-dən götürdüyü 30000 manat kredit məbləğini 17.02.2023-cü il tarixə qədər hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 14.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 17.05.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 23873,71 manat məbləğində əsas, 5735,13 manat faiz və 10291,07 manat cərimə olmaqla, cəmi 39899,91 (otuz doqquz min səkkiz yüz doxsan doqquz manat 91 qəpik) manat məbləğində borcu qalmışdır. 04.12.2020-ci il tarixli və 29.06.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh2 oğlu arasında 21.02.2013-cü il tarixli, 06L000004276 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh2 oğluna 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə 17.05.2019-cu il tarixli, 006R********** nömrəli kredit razlaşması bağlanaraq iddiaçı tərəfindən cavabdehə 45 ay müddətinə, aylıq 1,9167 % faiz dərəcəsi ilə 30000 manat kredit verilmişdir. İddiaçı ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zaminlər 21.02.2013-cü il tarixli, 06L000004276 saylı kredit xətti müqaviləsi və həmin müqavilə çərçivəsində baglanan əlavə razılaşmadan irəli gələn öhdəliyin icra edilməsinə görə borcalan Cavabdeh2 oğlu ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Cavabdehlər müqavilə üzrə öhdəli icra etmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh2 oğlundan və zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminlərə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edəcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 10291,07 manat cərimə məbləği azaldılaraq 291,07 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədikləri üçün iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 21.02.2013-cü il tarixli, 06L000004276 saylı kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 17.05.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 23873,71 manat məbləğində əsas, 5735,13 manat faiz və 291,07 manat cərimə olmaqla, cəmi 29899,91 (iyirmi doqquz min səkkiz yüz doxsan doqquz manat 91 qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh2 oğlundan,Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" QSC-in xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunaraq tərəflər arasında bağlanmış 17.05.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması ləğv olunmalıdır. (MM mad. 421.2) MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin olunsun. İddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 17.05.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması ləğv olunsun. Cavabdehlər Cavabdeh2 oğlundan, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 17.05.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 23873,71 manat məbləğində əsas, 5735,13 manat faiz və 291,07 manat cərimə olmaqla, cəmi 29899,91 (iyirmi doqquz min səkkiz yüz doxsan doqquz manat 91 qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" QSC-in xeyirinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar