Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3121/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli, 2(043)-4074/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 180 manat, cəmi ayda 360 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə x xxxxxx 2018-ci il tarixdə məhkəmə qətnaməsi ilə nikah qeydiyyatlarını pozmuşdurlar. Cavabdehlə nikahlarından olan övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli 2(043)- 4047/2018 saylı qətnaməsinə əsasən hər uşağa, hər ay 130 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Uşağın saxlanması üçün hazırda cavabdehin ödədiyi aliment həddindən artıq azdır və yaşayış minimumu haqqında qanunun qoyduğu tələblərə tamamilə ziddir. İddiaçı övladlarının saxlanması üçün hər ay 130 manatdan çox xərc çəkir. Başqa bir tərəfdən isə uşağın məktəb xərclərini, geyimlərini, xəstəlik xərclərini, geyimlərini, xəstəlik xərclərini və digər əlavə xərcləri də iddiaçı tək başına çəkməli olur. Cavabdeh heç bir əlavə xərcdə ona köməklik etmir. Cavabdeh əmək qabiliyyətlidir və aliment ödəmək iqtidarındadır, ara işləri ilə və fərdi əməklə məşğul olur. Ona görə də məcbur olub alimentin artırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X7 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4074/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci ildən başlayaraq, Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında xx xxxxxx 2014-cü il tarixli, AZ-İİİ seriyalı 355640 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxx 2014-cü ildə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 659 nömrə ilə qeyd aparılmış, valideynlər qrafasında atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında xx xxxx 2018-ci il tarixli, AZ-İV seriyalı 083700 nömrəli şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 2018-ci ildə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 986 nömrə ilə qeyd aparılmış, valideynlər qrafasında atası Cavabdeh, anası X4 göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı cavabdehin və ya özünün maddi və ya ailə vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı sübut təqdim edə bilməsə də məhkəmə,Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4074/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən iddia qismən təmin olunmalı, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İş üzrə məhkəmə xərcləri ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4074/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləği ilə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3121/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3121/2020
29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver