Məhkəmə qərarları › İş №2(043)-3137/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3137/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3137/2021 18.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. İddiaçı tərəfindən isə kredit məbləğinin cavabdehə verilməsi barədə kassa məxaric orderi və ya pulun verilməsini təsdiq edən hər hansı bir sənədi və müqaviləni əlavə etmədən məhkəməyə müraciət olunmuşdur. Həmçinin iddia ərizəsi məhkəmədə öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi İddiaçı ASC-nin X1 Birinci Müavini tərəfindən imzalanmış, iddia ərizəsinə ona verilmiş etibarnamənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti əlavə edilməmişdir. İddia ərizəsinə yalnız həmin etibarnaməyə əsli ilə düzdür möhürü ilə təsdiqlənmiş kserosurəti əlavə edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Bundan əlavə iddia ərizəsinə iddia tələbinin əsasını təsdiq edən kredit müqaviləsinin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti əlavə edilmədən, yalnız sadə kserosurət olmaqla iddiaçı hüquqi şəxsin möhürü ilə təsdiqlənərək məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4.-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı verilmiş tələbi təsdiq edən sənədləri təqdim etmədiyi üçün kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar