Məhkəmə qərarları › İş №2(043)-3147/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3147/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3147/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 7239,22 manat əsas, 4484,06 manat faiz, 3965,25 manat cərimə, kredit müqaviləsi müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1015,05 manat faiz olmaqla cəmi 16703,58 (on altı min yeddi yüz üç manat 58 qəpik) manat məbləğində kredit borcunun və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, 20.06.2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 11 ay müddətinə, 20 faizlə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.02.2021-ci il tarixədək Cavabdehnın banka 7239,22 manat əsas, müqavilə müddəti bitənədək 4484,06 manat faiz, 3965,25 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1015,05 manat faiz borcu olmaqla, cəmi 16703,58 (on altı min yeddi yüz üç manat 58 qəpik) manat kredit borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, ödənişləri vaxtıvaxtında ödəyib. Bank bağlananda ona bank tərəfindən bildirmişlər ki, onun qohumunun bankda olan depazit hesabından onun borcu ödənilib və onun banka borcu qalmamışdır. İddianın təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 20.06.2017-ci il tarixli, 007T06170016 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən 11 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir; 29.03.2021-ci il tarixli, **********119 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməmiş 7239,22 manat əsas, müqavilə müddəti üzrə 4484,06 manat faiz, 3965,25 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 1015,05 manat faiz olmaqla, cəmi 16703,58 (on altı min yeddi yüz üç manat 58 qəpik) manat kredit borcu vardır; 20.06.2017-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh bankdan 10000 manat pulu qəbul etmişdir. 17.02.2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 20.06.2017-ci il tarixdə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanaraq, iddiaçı tərəfindən cavabdehə 11 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borcu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə 11 ay müddətinə 10000 manat məbləğində kredit verərək üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu tam olaraq qaytarmayaraq öhdəliyi pozmuşdur. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.Cavabdeh kredit borcunun tam ödənildiyini göstərmiş, lakin borcun ödənilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməsini onun əlak mənafeyinə mənfi təsir edəcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 3965,25 manat cərimə məbləği azaldılaraq 65,25 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə bedə nəticəyə gəlir ki, Cavabdeh 20.06.2017-ci il tarixli, 007TO6170016 nömrəli müqavilə üzrə 7239,22 manat əsas, 4484,06 manat faiz, 65,25 manat cərimə, 1015,05 manat əldən çıxmış fayda olmaqla, cəmi 12803,58(on iki min səkkiz yüz üç manat 58 qəpik) manat kredit borcu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1,216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20.06.2017-ci il tarixli, 007TO6170016 nömrəli müqavilə üzrə 7239,22 manat əsas, 4484,06 manat faiz, 65,25 manat cərimə, 1015,05 manat əldən çıxmış fayda olmaqla, cəmi 12803,58 (on iki min səkkiz yüz üç manat 58 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar