Məhkəmə qərarları › İş №2(043)-3153/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3153/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3153/2020 30.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə 153 manat borc, 15 manat cərimə məbləği, 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 168 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxx» MMC ilə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu WTİ**********5 “Wexler Tab i80” markalı tablet, **********68601 “Samsung J 106” markalı telefonu almış və nəticədə 168 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 432 manat (yəni 12 ay x 36 manat+ 0 manat ilkin ödəniş) WTİ**********5 “Wexler Tab i80” markalı tablet, **********68601 “Samsung J 106” markalı telefon üçün 168 manat olmaqla, ondan 153 manat ödənilmiş hissə, 15 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 279 manat təşkil edir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qızıl zəmanət şərtlərinə əsasən məhsulun təmiri 14 gün ərzində həyata keçirilir, lazım olan ehtiyat hissəsi mövcud olmadığı halda təmir müddəti 30 günədək uzadıla bilər. Cavabdeh “Wexler Tab i80” markalı tableti təmir üçün qızıl zəmanət şərtlərinə uyğun olaraq servisə təhvil versə də müəyyən edilmişdir ki, dəyişdirilməli olan ekran bir dəfə dəyişdirilmişdir. Bundan sonra ona ödənişli olaraq tabletin ekranını dəyişdirməyi təklif etsələr də cavabdeh bundan imtina etmiş və ödənişləri dayandırmışdır. Hesab edir ki, cavabdeh ödənişləri ödəməməklə öhdəliyin icrasını pozmuşdur. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, müqavilə üzrə kimi ödəniş cədvəli üzrə ödəməli olduğu pulu hər ay vaxtlı-vaxtında ödəmişdir. “Wexler Tab i80” markalı tableti aldığı gündən həmin tabletdə nasazlıq yaranmışdır. Belə ki, tabletin açma/söndürmə düyməsi işləməmişdir. Yaranmış nasazlığın aradan qaldırılması üçün həmin tableti “xxxx” MMC-nin servisinə təhvil vermişdir. Tablet servis tərəfindən üç dəfə təmir olunsa da, yenə də işləməmişdir. Sonuncu, yəni 4-cü dəfə telefon təmirə verilmiş, lakin qeyd olunan problemlər aradan qalxmamışdır. Servisdə ona tabletin ekranının qırıq olduğu bildirilərək daha əvvəl tabletin ekranının dəyişdirildiyini, buna görə də ekranın ödənişli dəyişdirlə biləcəyini demişlər. O isə ekranın sınıq olsa da işlək vəziyyətdə olduğunu bildirmiş, həm də birinci dəfə telefonu servisə təhvil verərkən də ekranla bağlı şikayətinin olmadığını, lakin özbaşına olaraq servisdə ekranın dəyişdirildiyini və ya bəlkə də dəyişdirilmədiyini demişdir. Bundan sonra hətta tabletin ödənişli təmirinə də razı olduğunu bildirmiş, lakin servisdə ona zəruri ehtiyat hissəsinin olmadığını bildirərək tabletin təmirindən faktiki olaraq imtina etmişlər. O da bundan sonra tabletə görə ödənişləri dayandırmış, yalnız mobil telefon üçün ödənişləri davam etdirmişdir. Sonradan mobil telefon da iddiaçı tərəfindən blok edildiyindən mobil telefonu da işlədə bilməmişdir. Buna görə də ümumiyyətlə ödənişlərin həyata keçirilməsini dayandırmışdır. Hesab edir ki, iddiaçı zəmanət şərtlərini pozduğu üçün onun iddiası təmin edilməməlidir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-dən qiyməti 432 manat olan WTİ**********5 “Wexler Tab i80” markalı tablet və **********68601 “Samsung J 106” markalı telefonu, qiyməti 14 manat olan 1 illik qızıl zəmanətlə ilkin ödənişsiz, ayda 35 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 12 ay ərzində hər ayın 30-u tarixində ayda 14 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 3-cü bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 279 manat ödəmiş, 432 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 120 gün gecikdirmişdir. İş materiallarına əlavə edilmiş aparılmış işlər barədə çıxarışdan görünür ki, “Wexler Tab i80” markalı tablet xx.xx.2018-ci il tarixdə “qoşulmur, arxası qızır, yandırıb-söndürən, səs artırıb-azaldan klavişlər işləmir, sensor sınıb” qüsurları ilə servisə verilmiş, cihazın ekran sensoru dəyişdirilmiş; xx.xx.2018-ci il tarixdə tablet “cihaz qoşulmur” qüsuru ilə servisə təhvil verilmiş, on/off lenti bərpa olunmuş, xx.xx.2018-ci il tarixdə “on/off və səs düymələri işləmir” qüsuru ilə serivsə təhvil verilmiş, on/off lenti dəyişdirilmiş, xx.xx.2018-ci il tarixdə “cihaz qoşulmur” qüsuru ilə servisə verilmiş, on/off lenti bərpa olunmuş, xx.xx.2018ci il tarixdə “ekran-sensor sınıb, on/off və səs düymələri işləmir” qüsuru ilə servisə verilmiş, “ekran sensor ödənişli dəyişdirilməlidir, ehtiyat hissəsi yoxdur” qeyd edilərək təmir işləri aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə görə əşya alıcının mülkiyyətinə verilməli və həmin əşyanın qiyməti alıcı tərəfindən ödənilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsinə əsasən əşyalar cavabdehə xüsusi zəmanət şərti ilə satılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Qızıl zəmanət şərtləri”ndə həmin zəmanətin yaranma səbəblərindən asılı olmayaraq qüsurların (o cümlədən ekranın sınması, mexaniki zədələr, maye keçməsi) təmirinə verildiyi, məhsulun təmirinin ehtiyat hissələri daxil olmaqla pulsuz həyata keçirildiyi göstərilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, alınmış məhsul beş dəfə eyni qüsurla (açma/söndürmə və səs düymələrinin işləməməsi) servisə təqdim edilmişdir. Servisdə həmin qüsurlar 4 dəfə aradan qaldırılsa da sonuncu dəfə açma/söndürmə və səs düymələrinin işləməməsi qüsuru hər hansı səbəb göstərmədən aradan qaldırılmamışdır. Belə ki, səbəb kimi göstərilmiş “ekran sensor ödənişli dəyişdirilməlidir ehtiyat hissəsi yoxdur” yalnız ekran sensoruna aiddir və yuxarıda qeyd edilən qüsurların aradan qaldırılmaması üçün əsas deyildir. Digər tərəfdən cavabdeh ekranın sınmış vəziyyətdə olmasına baxmayaraq onu bu şəkildə istifadə edə bildiyini, ekran sensorunun dəyişdirilməsini tələb etmədiyini bildirmişdir. Qeyd olunan hal iddiaçının müqavilə üzrə öhdəliyinin icrasından əsassız olaraq boyun qaçırdığını göstərir. Bundan sonra cavabdeh tablet üçün ödənişləri dayandıraraq yalnız telefon üçün ödənişlər davam etdirsə də iddiaçı həmin telefondan cavabdehin istifadə etməsini də mümkünsüz etmiş, cavabdeh də telefon üzrə ödənişləri ödəməyi dayandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinin ilk növbədə iddiaçının özü tərəfindən pozularaq təminat verilmiş təmirin əsassız olaraq həyata keçirilmədiyi, bunun nəticəsində də cavabdehin müqavilə üzrə ödənişləri dayandırdığı müəyyən edilmişdir. Məhkəmə cavabdehin hərəkətlərinin müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olduğunu qeyd edərək həmin hərəkətləri cavabdehin öhdəliyi pozması kimi qiymətləndirmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halənda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasə əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar