Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3153/2021 30.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı QSCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 4833,58 məbləğində əsas kredit borcu, 688,03 manat məbləğində faiz borcu və 951,19 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6472,80 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 11.09.2017-ci il tarixli 006L**********19 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.08.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 24.04.2020-ci il tarixli 006R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.01.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5166.42 manat ödəmiş, onun 4833.58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16.07.2021-ci il tarixə 192 gün üçün hesablanmış faiz borcu 688.03 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 16.07.2021-ci il tarixə 192 gün üçün hesablanmış cərimə 951.19 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O. həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Beləliklə iddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş üzrə iddiaçının nümayəndəsini dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı QSC arasında 11.09.2017-ci il tarixli, 006L**********19 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 11.09.2017-ci il tarixli, 006L**********19 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 27.08.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması müqaviləsindən görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 2.0833% olmaqla 24 ay müddətinə, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 006R**********S saylı “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi” haqqında sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında 11 sentyabr 2017-ci il tarixli 006L**********19 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 27 avqust 2019-cu il tarixdə bağlanmış 006R********** kredit razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 24 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarına əlavə edilmiş 11.09.2017-ci il tarixli, 006S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 27.08.2019-cu il tarixli, 006R********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh2 birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 27.08.2019-cu il tarixli kreditin köçürülməsiverilməsinə dair qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 10000 manat pul götürmüşdür. İş materiallarına əlavə edilmiş cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 16.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 27.08.2019-cu il tarixli, 006R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-yə 4833,58 məbləğində əsas kredit borcu, 688,03 manat məbləğində faiz borcu və 951,19 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6472,80 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Kreditin təminat olaraq zaminlik müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cərimə borcunun tamamının tutulması hissəsi istisna olmaqla, digər borc məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 951,19 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 400 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilmədiyi tədqirdə, müqavilə ilə tənzimləyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsində nəzərdə tutulmuş müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4833,58 məbləğində əsas kredit borcu, 688,03 manat məbləğində faiz borcu və 400 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5921,61 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 30 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4833,58 məbləğində əsas kredit borcu, 688,03 manat məbləğində faiz borcu və 400 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5921,61 (beş min doqquz yüz iyirmi bir manat altmış bir qəpik) manat borc pul və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3153/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3153/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver