Məhkəmə qərarları › İş №2(043)-3207/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3207/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3207/2021 29.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh minik avtomobilinə görə verdiyim 5100 (beş min yüz) manat pulun alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, özü sürücü olduğundan Tərtər - Gəncə marşrutunda özünə məxsus avtomobillə qrafik cədvəli əsasında əhaliyə xidmət edir, vaxtlı-vaxtında sərnişinləri rahat mənzilbaşına çatdırır. O 26 dekabr 2019-cu ildə Gəncə şəhərində fəaliyyəti vaxtı Yevlax avtovağzalının ərazisində olan zaman Cavabdeh söhbətləri əsasında özünə məxsus NİVA markalı **-EC-*** dövlət nömrə nişanlı avtomaşınını satdığını bildirmişdir. O maşından başı çıxdığından özü tərəfindən maşın zövqünə oxşadığından maşına baxış keçirdikdən sonra həmin minik avtomobilini almaq qərarına gəlmişdir. O cavabdehdən avtomobilin qiymətini soruşduqda Fərid, ona bildirmişdir ki, maşınını 10 000 (on min) manata satır. Təkrar qeyd edir ki, avtomobil xoşuna gəldiyindən fikrini tam dəqiqləşdirmişdir. O Cavabdehndən soruşmuşdur ki, maşının sənədləri qaydasındadırmı Fərid, ona bildirmişdir ki, “sənədlər tam qaydasında deyil, sən mənə əvvəlcədən pulun bir hissəsini beh ver ki, mən maşının sənədlərini qaydasına qoyum”. Razılığı əsasında həmin gün o cavabdehə 5100 (beş min yüz) manat pul vermişdir. Çünki o Fəridə inanmışdır. Sonra razılaşmışlar ki, maşının sənədlərini tam qaydasına saldıqdan sonra maşını onun adına alqı-satqı olacaq, alqı-satqı vaxtı qalıq 4900 (dörd min doqquz yüz) manat pulu ona ödəyəcək. Həmin vaxtı o, öz şəxsiyyət vəsiqəsini ona vermişdir. Onlar öz aralarında o Fəridə inandığına görə qol kağızı yazmışlar. Həmin vaxt Ağdam rayon sakini Bərdə rayonunda məskunlaşan Novruzov Arzuman da şahid kimi iştirak etmişdir və aralarında olan qol kağızına şahid kimi o da qol çəkmişdir. Cavabdeh ona bildirmişdir ki, bir neçə günə maşının sənədlərini qaydasına qoyduqdan sonra görüşüb işlərini həll edəcəklər. Bir neçə gün keçdikdən sonra o Fəridlə əlaqə saxlamışdır. Fərid ondan bir həftə vaxt istəmişdr. Həftə tamam olduqdan sonra Fərid ona bəhanələr gətirərək sözünə əməl etməmişdir. Dəfələrlə ona verdiyi pulun geri qaytarmasını tələb etsə də o, pulu geri qaytarmamışdır. Üzərinə düşən öhdəliyi icra etməmişdir. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh İddiaçı 4300 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, həmin məzmunda izahat verərək bildirdi ki, Cavabdeh 5100 manat borc puldan 800 manat pulu ona qaytarmışdır. Ona hazırda 4300 manat borcu qalmışdır. Həmçinin, 27.01.2021-ci il tarixdə notariusda təsdiqlənmiş borc müqaviləsi bağlamışlar. Notariusda müqavilə bağlanan zaman onun tərəfindən cavabdehə heç bir borca pul verilməmişdir. Cavabdehin ona borcu qabaqcadan yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, İddiaçı 5100 manat borcu olmuşdur. Hazırda həmin borcdan 800 manat ödəniş etmişdir. İddiaçıya 4300 manat borcu qalmışdır. Əlavə olaraq bildir ki, aralarında 21.01.2021-ci il tarixdə notariusda müqavilə bağlanmışdır. Lakin həmin müqavilədən qabaq onun iddiaçıya borcu yaranmışdır. Müqavilə bağlanan zaman iddiaçı tərəfindən ona pul verilməmişdir. İddiaçı ödənişdən sonra qalan 4300 manat borcunun olduğunu etiraf edir. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini məhkəməyə bildirdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materialların əlavə olunmuş 26.12.2019-cu il tarixli yazılı razılaşmadan görünür ki, Cavabdeh özünə məxsus “Niva” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilini Tərtər rayonu Sarov kənd sakini İddiaçı satmışdır. 10.000 (on min) manatdan beh olaraq 5.100 (beş min yüz) manatını almış, sənədləri düzəltdikdən sonra 4900 manat alıb avtomobili İddiaçı adına keçirməsi barədə razılığa gəlmişlər və tərəflər öz imzaları ilə razılaşmanı təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş 27.01.2021-ci il tarixli kredit müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı 3840 manat borc almış və həmin borcu 27.01.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh məxsus “NİVA” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş və almaq qərarına gəlmişdir. İddiaçı cavabdeh ilə həmin avtomobilin satış qiymətini 10.000 manata razılaşmışlar. Avtomobilin sənədləri tam hazır olmadığından cavabdeh iddiaçıdan beh istəmişdir. Bu zaman iddiaçı 5100 manat beh vermişdir. Bundan sonra Cavabdeh öz əl yazısı ilə İddiaçı 5100 manat sənədlərin düzəldilməsi üçün beh aldığını və sənədlər hazır olduqdan sonra 4900 manat alıb “NİVA” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adına keçirdəcəyinə razı olduğunu bildirmiş və həmin sənədi imzalamış, Novruzov Arzuman isə şahid kimi həmin sənədi imzalamaqla cavabdehin borcu olmasını təsdiqləmişdir. Daha sonra iddiaçı və cavabdeh aralarında notarial qaydada 3840 manat məbləğində borc müqaviləsi bağlamışlar. Lakin, həmin borc müqaviləsi bağlanan zaman iddiaçı cavabdehə pul verməmişdir. Tərəflər məhkəmə baxış iclasında bildirmişlər ki, aralarındakı borc münasibəti notariusda müqavilə bağlanmamışdan qabaq yaranmışdır. Cavabdeh avtomobilin sənədlərini düzlətdikdən və qalan 4900 manat pulu aldıqdan sonra avtomobili iddiaçının adına keçirdəcəyinə dair öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş və avtomobili iddiaçının adına keçirtmədiyindən, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh həmin borc məbləğindən 800 manat iddiaçıya ödədiyini, hazırda onun iddiaçıya 4300 manat məbləğində borcu qaldığını bildirmiş, iddiaçı cavabdehin bu dəlili ilə razılaşaraq ona hazırda 4300 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Əlavə olaraq tərəflər bu barədə məhkəməyə ərizə təqdim etmişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 4300 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmiş, Cavabdeh isə iddia tələbini qəbul edərək həmin məbləğdə İddiaçı borcunun olmasını etiraf edərək iddianın təmin edilməsi ilə razılaşmışdır. Cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar