Məhkəmə qərarları › İş №2(043)-3209/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3209/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3209/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, 800 manat məbləğində pulun və 30,40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxx 2020-ci il tarixdə ondan Play Station 3 və Hoffmann markalı 109 ekran televizoru nisyə qaydada 800 manata almış və pulu xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyin icrası vaxtı xüsusi karantin rejiminə düşdüyündən cavabdeh borcunu ödəyə bilməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehdən pul ödəməsini istəmiş, cavabdeh isə pulu xx.xx.2020-ci il tarixədək ödəyəcəyini bildirərək bu barədə ona xx.xx.2020-ci il tarixdə qəbz vermişdir. Lakin bu günədək öz öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən məlum olur ki, Cavabdeh həmin qəbzi yazaraq xx.xx.2020-ci il tarixdə İddiaçı Play Station 3 və Hoffmann markalı 109 ekran televizoru tam işlək vəziyyətdə aldığını, xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü, Dəhər Əsgərovla sonrakı razılıqlarına əsasən 800 manat borcunu xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının izahatından və cavabdeh tərəfindən verilmiş qəbzdən müəyyən edilir ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı Play Station 3 markalı oyun aparatını və Hoffmann markalı 109 ekran ölçülü televizoru 800 manata cavabdehə satmış, cavabdeh isə aldığı malların pulunu xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasındakı sonrakı razılığa görə öhdəliyin icrası üçün cavabdehə xx.xx.2020ci il tarixədək möhlət verilmiş, lakin cavabdeh bu müddətdə də öhdəliyini icra etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malın ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də cavabdehdən 800 manat pul alınaraq iddiaçıya verilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 800 (səkkiz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat 40 qəpik) pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar