Məhkəmə qərarları › İş №2(043)-3215/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3215/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3215/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9600 (doqquz min altı yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 31 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdeh X2 ondan borc olaraq bir həftə müddətinə pul tapmağını xahiş etmişdir. Onda 2000 manat olduğundan, o, X1 xahiş edərək Xalidə vermək üçün 7600 manat da alıb, cəmi 9600 manat pulu 2021-ci ilin yanvar ayının 25-də Xalidə borc olaraq vermişdir. Bu barədə Xalid öz xətti ilə ona yazılı qəbz verərək pulu bir həftə ərzində bankdan kredit götürərək qaytaracağına söz vermişdir. Hazırda aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh ondan aldığı 9600 manat pulu qaytarmır. Hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan yayınır. Halbuki, həmin pulun 2000 manatı onun, 7600 manatı isə Qocayev Xəqaninin puludur. Qocayev Xəqani hazırda Vətən Müharibəsində aldığı xəsarətdən müalicə olunmaq üçün xəstəxanaya getmək istəyir, lakin cavabdeh pulu qaytarmadığı üçün onun müalicəsi ləngiyir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı sələm verdiyi üçün ona pul lazım olduğundan iddiaçıdan 2021-ci ilin yanvar ayının 25-də 7600 mant pul götürmüşdür. 9 ay hər ay 1500 manat olmaqla hissə-hissə iddiaçıdan götürdüyü pulu faizi ilə birgə ödəmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qəbzdən görünür ki, Cavabdeh yanvar ayının 25-də iddiaçıdan 7600 və 2000 manat bul aldığını və 1 həftə ərzində bankdan kredit götürərək qaytaracağı barədə yazılı qəbz vermişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi olmuş, cavabdeh iddiaçıdan hissə-hissə 7600 və 2000 manat olmaqla 9600 manat məbləğində borc almışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh aldığı borc pulu 1 həftə ərzində bankdan kredit götürərək qaytaracağını üzərinə götürsə də ona borclu olduğu pulu qaytarmamışdır. Cavabdeh tərəf isə iddiaçıya 9 ay ərzində hissə-hissə hər ay 1500 manat olmaqla sələmi ilə birlikdə həmin pulu iddiaçıya qaytardığını bildirərək iddia tələbinə qarşı etiraz etmişdir. Cavabdeh iddiaçıdan 7600 manat borc aldığını göstərsə də qəbzdən görünür ki, iddiaçıdan 9600 manat borc almasına dair imza etmişdir. Bununla yanaşı cavabdeh iddiaçıdan aldığı borc pulu hər ay 1500 manat olmaqla 9 ay ərzində sələmi ilə birlikdə qaytarmasını göstərsə də həmin pulu iddiaçıya qaytarmasına dair hər hansı bir sübut təqdim etməmiş, iddiaçıdan borc pulu 2021-ciilin yanvar ayında aldığını 9 ay ərzində qaytardığını göstərmişdir. İddia ərizəsindən isə görünür ki, pulun verilməsindən 7 ay sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədri sübut növü kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məccəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi tərəflər arasında borc müqaviləsi bağlanmış iddiaçı cavabdehə 9600 manat məbləğində borc vermişdir. Cavabdeh aldığı borcu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq 9600 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 9600 (doqquz min altı yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar