Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3229/2020 19.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən «xxxxxxxxxxx» MMC-nin xeyrinə iki müqavilə üzrə 1209 manat ödənilməmiş hissə, 121 manat cərimə, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1360 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 450 manat (18 ay x 25 manat), İMEİ kodu **********53400 olan Hoffmann X Ultra markalı telefon, Piko cover case Hoffmann X- Ultra üzlük, Piko Glass for Hoffmann X-Ultra ekran qoruyucu üçün 185 manat ödənilməmiş hissə, 19 manat cərimə borcu vardır. Cavabdehin «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1200 manat (18 ay x 65 manat+ 30 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor üçün 1024 manat ödənilməmiş hissə, 102 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 441 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 414 manat, İMEİ kodu **********93851 olan Hoffmann X Ultra markalı mobil telefonu, Piko cover case Hoffmann X-Ultra üzlük, Piko Glass for Hoffmann X-Ultra ekran qoruyucunu telefon quraşdırma xidməti və 1 illik zəmanətlə nisyə qaydada almış, malların qiymətini ayda 25 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1200 manat olan Samsung markalı LED televizoru 30 manat ilkin ödəniş etməklə qalan məbləği 18 ay ərzində hər ay 65 manat olmaqla ödəmək şərti ilə nisyə qaydada almışdır. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 265 manat ödəmiş, 185 manat borcu qalmışdır. Ödənişlərin 120 gün gecikdirilməsinə görə 19 manat cərimə hesablanmışdır. xx.xx.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 176 manat ödəmiş, 1024 manat borcu qalmışdır. Ödənişlərin 210 gün gecikdirilməsinə görə 102 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Bununla belə məhkəmə tərəflərin maddi vəziyyətini, iddiaçının əmlak mənafelərini də nəzərə almaqla hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulunun miqdarı azaldılaraq 40 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə cavabdehdən iki müqavilə üzrə 1209 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu olmaqla, cəmi 1268 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 185 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1024 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu olmaqla ümumilikdə 1268 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 1298 (min iki yüz doxsan səkkiz) manat məbləğində pul tutularaq iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3229/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3229/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver