Məhkəmə qərarları › İş №2(043)-3235/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3235/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3235/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" X6 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Törəmə Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" Törəmə Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə Sukanal İdarəsindən ona yazılmış 722,12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 2009-cu ildən Gəncə şəhəri Vəli Xuluflu kuçəsı 101E saylı evdə yaşayır. Həmin tarixə qədər isə Gəncə şəhəri Vəli Xuluflu küçəsi 99 A-da yaşamışdır. 2009-cu il tarixdən bu günə qədər həmin ünvanda yaşayış olmamışdır və həmin mənzildən istifadə edilməmişdir. Təsadüfi deyildir ki, həmin illər ərzində həmin mənzilə nə elektrik enerjisi, nə də təbii qazdan istifadə ilə əlaqədar ödəniş edilməmişdir. Çünki bu illər ərzində işıqdan, qazdan istifadə edilməmişdir. Bu, həmçinin sudan istifadəyə də aiddir. Lakin cavabdeh təşkilat tərəfindən onların mənzilinə 722,12 manat borc yazılmışdır. Hazırda cavabdeh ondan 722,12 manat istifadə etmədiyi su və çirkab puluna görə pul tələb edir və cavabdehin mənə qarşı bu tələblə çıxış etməsi onun mülkiyyətçi kımı hüquqlarını pozur. Belə olan halda hesab edir ki, mülkiyyətində olan mənzilə dair cavabdeh orqan tərəfindən hesablanmış borc əsassız olduğundan silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" TSC-nin nümayəndəsi iddianı qəbul etməyərək, izahatın göstərdi ki, onlar öz üzərilərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, lakin iddiaçı həmin evdə yaşamamağı ilə bağlı heç bir məlumat verməmişdir. İddiaçı üzərinə əsassız borc yazıldığını bilsə də bununla bağlı heç bir yerə müraciət etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. 05.10.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirdi ki, iş üzrə iddiaçı Hamlet onun əmisi oğludur. O, uşaqlıqdan ünvan 1 ünvanında yaşayır. Hamlet isə hazırda V.Xuluflu küçəsi, ev 101-də yaşayır. V.Xuluflu küçəsi 99A ünvanında isə hazırda heç kəs yaşamır. Həmin ünvanda iki təcrid yaşayış evi vardır. Əvvəllər həmin evlərdə onun əmiləri İkram və Firuddin, eləcə də Hamletin anası yaşayırdı. 2014-cü ildə İkram, 2016-cı ildə isə Hamletin anası vəfat etmişdir. Hamletin anası öldüyü günədək həmin ünvanda yaşamışdır. Hamlet anasının ölümündən xeyli müddət qabaq Vəli Xuluflu küçəsi 99A ünvanından köçmüşdür. 05.10.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirdi ki, o, ünvan 2 ünvanında yaşayır. O, doğulandan həmin evdə yaşayır. Elə həmin vaxtdan da Hamleti tanıyır. Onun evi həyət evidir. Onların həyətində 2 ayrı ev var və həmin evlərin arasında hasar yoxdur. 2016-cı ilədək həmin ünvanda Hamletin anası yaşamışdır. Hazırda isə həmin ünvanda yaşayış yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş hesab fakturadan görünür ki, ünvan 3 ünvanında su təchizatı və kanalizasiya xidmətinə görə abonent İddiaçı 08.04.2011-ci il tarixdən 29.05.2021-ci il tarixə 722,12 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş X8 İstismarı İdarəsindən verilmiş 08.06.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanı İddiaçı adına olmaqla, X8 İstismarı İdarəsinin Gəncə xidmət sahəsi üzrə abonent (abonent kodu **********00992) bazasında abonent kimi qeydiyyatdadır və qeyd olunan ünvanda 19.07.2009-cu il tarixdən etibarən bugünədək (08.06.2021-ci il) təbii qazdan istifadə olunmur. İş materiallarına əlavə edilmiş, Azərişıq ASC-dən verilmiş arayışdan görünür ki, ünvan 6 ünvanda 29 yanvar 2008-ci il tarixdən 20.06.2019-cu il tarixədək elektrik enerjisindən istifadəyə görə 5-10 manat ödənişlər edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz rayonu 130 saylı Evlər Üçlüyündən verilmiş 05.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi 99 nömrəli evdə qeydiyyatda olmasına baxmayaraq, göstərilən ünvanda uzun müddətdir yaşamır və o ünvanda yaşayış yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən evin su sayğacı mövcud olmamaqla, həmin ünvanda 2017-ci il tarixdən 2021-ci il tarixədək yaşayış olmamışdır. İş materiallarına abonentin illər və aylar üzrə borclarının ətraflı əksini tapdığı abonent kartları əlavə edilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, abonentin 2011-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 70,32 manat borcu olmuş, 2012-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 72 manat borcu olmuş, 2013-cü il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 72 manat borcu olmuş, 2014-cü il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 72 manat borcu olmuş, 2015-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 60 manat borcu olmuş, 2016-cı il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 421,5 manat borcu olmuş, 2017-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 66 manat borcu olmuş, 2018-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 73,5 manat borcu olmuş, 2019-cu il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 72,3 manat borcu olmuş, 2020-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 72,9 manat borcu olmuş, 2021-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 15,92 manat borcu hesablanmaşdır. 2011- 2021-ci illər üzrə hesablanmış ümumi borc 722,12 manat təşkil edir. Məhkəmə qeyd edir ki, ünvan 8 ünvanında 2016-cı il də daxil olmaqla həmin vaxta qədər yaşayış olmuşdur. Həmin vaxta qədər "xxxx" Törəmə Səhmdar Cəmiyyəti tərəfindən borc “Sudan istifadə qaydaları”na uyğun olaraq düzgün hesablanmaşdır. Lakin 2017-ci il tarixdən 2021-ci il tarixədək ünvan 8 ünvanında yaşayış olmamasına baxmayaraq, həmin illər üzrə də iddiaçıya borc hesablanmışdır. Göstərilən qaydada hesablama aparılarkən müəyyən edilir ki, 2017, 2018, 2019, 2020-ci və 2021-ci illər üçün eyni qaydada 4 nəfər üçün 20 kubmetr suya görə hesablama aparılmış və illər üzrə müvafiq olaraq 66, 73,5, 72,3, 72,9 və 15,92 manat, ümumilikdə 300,62 manat borc hesablanmışdır. İddiaçı qeyd olunan ünvanda yaşayış olmamasına baxmayaraq su təchizatını həyata keçirən müəssisəyə bu barədə məlumat verməmişdir. Lakin bu illər üzrə sözügedən ünvanda yaşayış olmadığı müəyyən edildiyindən məhkəmə qeyd edir ki, hər bir halda su borcunun hesablanmasının məqsədi istifadə edilən suyun dəyərinin ödənilməsi olduğundan həmin dövr üçün iddiaçıdan ödənişin tələb edilməsi düzgün deyildir. Beləliklə aparılmış hesablama zamanı iddiaçıya cavabdeh tərəfindən hesablanmış ümumi borc məbləğinin 2017-2021-ci illər üçün hesablanmış 300,62 manat hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" X6 Cəmiyyəti tərəfindən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı 2011-2021ci illər üzrə hesablanmış borcun 300,62 (üç yüz tam yüzdə altmış iki) manat hissəsi (2017- 2021-ci illərə aid olan hissə) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar