Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3238/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən ona məxsus “KZS Electronics” mağazasından aldığı “LG” markalı televizorun və peyk qəbuledici avadanlıqlarına görə qalıq borcu 1052 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “KZS Electronics” mağazasını işlədir. O, həmin mağazada məişət texnikası avadanlıqlarının daxili kredit alqı-satqısı ilə məşğuldur. O, müştərilərlə şifahi razılaşmadan sonra aralarında öhdəlik müqaviləsi bağlayaraq dəyərini hissə-hissə ödəmək şərtilə satmışdır. Cavabdeh 28.07.2018-ci il tarixdə qiyməti 1257 manat olan “LG” markalı televizoru və peyk qəbuledici avadanlıqları 12 ay müddətinə hər ay 105 manat məbləğində ödəmək şərtilə götürmüş, lakin qrafik üzrə öhdəliyi pozaraq cəmi 205 manat ödəmiş, 1052 manat borcu qalmışdır. Ona görə də pulunu məhkəmə qaydası ilə tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin nisyə alğı-satqı müqaviləsi əsasında aldığı televizorun ümumi dəyəri 1020 manat, olmuş, cavabdeh müxtəlif vaxtlarda 237 manat dəyərində ödəniş etmiş, televizora görə borcdan cəmi 815 manat borcu qalmışdır. Bununla yanaşı, cavabdeh televizor alarkən peyk antenası və aksesuarlarını da cavabdehə nisyə qaydada vermiş, lakin müqavilədə bu nəzərdə tutulmamışdır. Müqavilənin ödəmə qeydlərində göstərilən “77+160” həmin peyk antenasının və aksesuarlarının ödənilməyən məbləğidir. Hesab edir ki, cavabdehdən televizorla yanaşı, peyk antenasının və aksesuarlarına görə borc da daxil olmaqla, ümumilikdə 1052 manat məbləğində borc tutulmalıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 28 iyul 2018-ci il tarixli müqavilədən məlum olur ki, Cavabdeh İddiaçı dəyəri 1000 manat olan “LG” markalı televizoru almış, ödənişi 12 ay ərzində, hər ay 85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində aparılmış və tərəflərin imzaları ilə təsdiq edilmiş ödəmə qeydlərindən görünür ki, cavabdeh 1020 manat borc məbləğindən ayrı-ayrı vaxtlarda 237 manat məbləğində ödəniş etmiş, 815 manat məbləğində borcu qalmışdır. Məhkəmə, iddiaçının qalan borc məbləğinin içərisində qeyd edilmiş 237 (77+160) manat borcun tələb edilməsini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə nisyə-alqı-satqı müqaviləsinin predmeti olaraq 1 ədəd “LG” markalı televizor qeyd edilmiş, televizorun qiyməti isə 1020 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının tələb etdiyi əlavə 237 manat məbləğində pul isə müqavilədə nəzərdə tutulmuş televizora görə deyil, peyk antenası və aksesuarlarına görədir. Həmin məbləğlər isə iddiaçı tərəfindən birtərəfli qaydada sonradan müqaviləyə əlavə edilmiş, həmin məbləğin tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməsi və həmin avadanlıqların satılması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi cavabdeh iddiaçıdan nisyə qaydada hissə-hissə ödəmək şərti ilə aldığı, dəyəri 1257 manat olan “LG” markalı teelevizora görə 12 ay müddətində hər ay 105 manat ödəmək öhdəliyi daşımış, lakin cavabdeh öhdəliyi lazımına və vaxtında yerinə yetirməmiş, cəmi 442 manat məbləğində ödəniş etmiş, 815 manat məbləğində borcu qalmışdır. Öhdəliyin icrasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Lakin borclu öhdəliyin icra edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh 815 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq 22 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 28 iyul 2018-ci il tarixli müqavilə üzrə 815 (səkkiz yüz on beş) manat məbləğində ödənilməmiş hissə və dövlət rüsumunun əvəzi qismində 22 (iyirmi iki) manat olmaqla ümumilikdə 837 (səkkiz yüz otuz yeddi) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3238/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3238/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver