Məhkəmə qərarları › İş №2(043)-324/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-324/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-324/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 451 manat sığorta ödənişi məbləğinin, 1600 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2081 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X7 arasında xx.xx.2019cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21214” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri, Vaqif prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21093” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 451,00 (dörd yüz əlli bir) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Gəncə Şəhər BPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 317-3997-1219 saylı arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsinə dair Cəmiyyətə təqdim olunmuş sənədlərin surətindən, həmçinin Gəncə Şəhər BPİ DYPŞ-nin xx.xx.2019cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında Protokoldan da görünür ki, hadisə baş verdiyi vaxt Cavabdeh “VAZ 21214” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobili ƏN-Vİ №055790 saylı etibarnamə əsasında idarə etmişdir. Qeyd etmək istəyirik ki, ƏN-Vİ №055790 saylı etibarnamənin qüvvədə olma müddəti isə xx.xx.2019-cu il tarixədək olmuşdur. Odur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt Cavabdeh “VAZ 21214” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. İddiaçı nümayəndəsi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə zamanı avtomobilin sahibi X5 onun yanında olmuşdur. Bu səbəbdən o, yalnız baş vermiş yol nəqliyyat hadisəsində yol hərəkəti qaydalarını pozduğuna görə inzibati cərimə edilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan AC seriyalı, 299189 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X3 mülkiyyətində olan “VAZ 21214” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin mülki məsuliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək «xxxx» ASC-də sığortalanmışdır. İş materiallarında olan ƏN-Vİ 055790 nömrəli etibarnamədən görünür ki, X5 mülkiyyətində olan “VAZ 21214” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı etibarnamə üzrə səlahiyyətləri bir il müddətinə (xx.xx.2019-cu il tarixədək) Cavabdeh vermişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən və izahatlardan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 21214” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi “VAZ 21093” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21214” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə yol-nəqliyyat hadisəsi törətmiş və səlahiyyətli orqan tərəfindən İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktından və ödəniş tapşırığından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21093” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə 451 manat zərər dəymiş və həmin avtomobilin sahibi X2 qeyd edilən məbləğ bank vasitəsi ilə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi müqabilində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsində göstərilir ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, Vaqif küçəsində Cavabdeh (cavabdeh) tərəfindən idarə olunan “VAZ 21214” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 21093” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibinə maddi zərər dəymişdir. «xxxx» ASC tərəfindən “VAZ 21093” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə avtomobilin sahibinə 451 manat sığorta ödənişi edilmişdir. İddiaçı hesab edir ki, baş vermiş yol nəqliyyat hadisə zamanı cavabdeh “VAZ 21214” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili onu idarə etməyə hüququ olmadan, yəni bu barədə müvafiq etibarnaməsi olmadan idarə etdiyinə görə onun tərəfindən ödənilmiş sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında isə cavabdeh izahatında bildirdi ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə edərkən, avtomobilin mülkiyyətçisi X5 da onun yanında olmuşdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək özlüyündə inzibati xəta hesab olunur. Belə ki, həmin Məcəllənin 332.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh yalnız Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilmişdir. Həmin vaxt o, avtomobili etibarnamə olmadan idarə etmiş olsa idi, səlahiyyətli orqan Cavabdeh həm də İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilməli idi. İşin bu halını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, səlahiyyətli orqanın yolnəqliyyat hadisəsindən sonra Cavabdeh barəsində İXM-in 332.1-ci maddəsi ilə protokol tərtib etməməsi, onu həmin maddə ilə təqsirli bilməməsi, Cavabdeh həmin vaxt nəqliyyat vasitəsini hüququ olmadan idarə etməsini istisna edir və bu vəziyyətdə onun izahatı mötəbər sübut kimi qiymətləndirilməlidir. Bu səbəbdən, iddia 451 manat pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən tutulmasına dair hissədə təmin edilməməlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, iddia tələbində 1600 manat işlərin görülməsi xərci də cavabdehdən tələb edilsə də, həmin tələbin əsaslandığı hallar və tələbi təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia qeyd edilən hissədə də əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili hüququ olmadan idarə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmadığından, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu «xxxx» ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar