Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3240/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05.04.2007-ci il tarixdə anadan olmuş X2, 03.02.2009-cu il tarixdə anadan olmuş X4, 20.04.2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər uşağa görə 175 manat olmaqla, ümumilikdə üç uşağa görə 525 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 10 sentyabr 2005-ci il tarixdə cavabdehlə el adəti ilə ailə qurmuş, nikahlarını isə 08 iyun 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Həmin nikahdan onların üç uşaqları anadan olmuşdur. O, cavabdehlə ailə qurduqdan sonra bir müddət normal yaşamış, sonradan aralarında baş verən narazılıqlar səbəbindən ayrılmışlar. Belə ki, cavabdeh ailəsinə və uşaqlarına laqeyd yanaşmış, ailədə həmişə narazılıq yaratmış və nəticədə onların aralarında olan nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(043)-935/2019 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanılmış, birgə nikah dövründə anadan olmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün 80 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra o alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli 2(043)-3480/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək hər uşağa 100 manat olmaqla, ümumilikdə üç uşağa görə 300 manat aliment cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Hazırda uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Ona görə də 300 manat müəyyən edilən aliment pulu uşaqların tələbatını ödəmir. Uşaqlar azyaşlı olduğundan onları evdə qoyub, işləyə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2021-ci il üçün uşaqların yaşayış minumum haqqı 175 manat müəyyən edilmişdir. Ona məhkəmə qaydasında kəsilən alimet pulu isə bundan dəfələrlə azdır. Uşaqların hər üçü məktəbə gedirlər. Böyük qızı Fatimə Qurbanova isə 9-cu sinifdə oxuyur. Ali məktəbə qəbul olunması üçün 3 fəndən hazırlığa gedir. Cavabdeh isə Gəncə şəhərində yerləşən Su İdarəsində çilingər vəzifəsində işləməklə aylıq maaşı yüksəkdir. O, alimentin artırılması ilə bağlı Mediasiya Şurasına müraciət etmiş, Şuranın mediatoru onları dəvət etmiş, lakin aralarında razılaşma olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, alimentin miqdarının artırılması ilə razı deyil. Belə ki, sonuncu dəfə alimentin məbləği artırıldıqdan sonra onun və ya iddiaçının maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Qeyd edilən aliment miqdarını ödəməyə maddi vəziyyəti qətiyyən yol vermir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 05.04.2007-ci il tarixdə X5, 03.02.2009-cu il tarixdə X7 və 20.04.2011-ci il tarixdə X6 doğulmuşdur. Şəhadətnamələrdə ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07.11.2019-cu il tarixli 2(043)-3480/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(043)-935/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh Nürəddin oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (100 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 2 ilə yaxın müddət keçmiş, həmin müddətdə minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə hər ay 175 manat alimentin ödənilməsini tələb etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəmək üçün kifayət qədər qazancı olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin ailə və maddi vəziyyətində hər hansı dəyişiklik baş verməmişdir. Həmin vaxtdan bugünə kimi yalnız uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2019-ci il üçün uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edildiyi halda, 2021-ci il üçün bu məbləğ 175 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, həmçinin iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3480/2019 saylı, 07.11.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 05.04.2007-ci il təvəllüdlü X8 qızı, 03.02.2009-cu il təvəllüdlü X7 və 20.04.2011-ci təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 05.04.2007-ci il təvəllüdlü X8 qızı, 03.02.2009-cu il təvəllüdlü X7 və 20.04.2011-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 8 (səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3240/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3240/2021
28.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver