Məhkəmə qərarları › İş №2(043)-3244/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3244/2020

14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3244/2020 14.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən X1 Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi birinci şəxsin adından yazılaraq ona məxsus avtomobilə vurulmuş maddi ziyanın əvəzi kimi 5880 manat məbləğində pulun və əldən çıxmış fayda kimi 750 manat pulun cavabdehdən alınıb ona verilməsi xahiş edilmişdir. İddia iki iddiaçı tərəfindən qaldırıldığı halda bu iddiaçılardan hansına maddi zərərin vurulduğu, hər bir iddiaçının zərərinin nədən ibarət olması hər bir iddiaçının ayrılıqda cavabdehdən hansı əsaslarla nə qədər pul tələb etməsi iddia ərizəsindən müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göstərilən normalar onu nəzərdə tutur ki, iddia bir neçə şəxs tərəfindən qaldırıldıqda hər bir iddiaçı müstəqil olaraq ərizədə öz tələbini irəli sürməli və əsaslandırmalıdır. Hazırkı iddia ərizəsində isə tələb və onun əsaslandığı hal bir olduğundan, bu tələbin iddiaçılardan hansı tərəfindən irəli sürüldüyünü müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq qərar a a l d ı m: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində X1 Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar