Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3244/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4030,40 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün 16.10.2016-cı il tarixdə Cavabdeh 2 ay müddətinə etibar edilmişdir. 05.11.2016-cı il tarixdə Cavabdeh idarə etdiyi "Hyundai” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Z.Tağıyev qəsəbəsində ötmə əməliyyatını düzgün yerinə yetirə bilmədiyindən "xxxx" Sığorta Şirkətində sığortalanmış “X1” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X1” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4000 manat maddi ziyan dəymişdir. Həmin ziyan "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilmişdir. "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC və Cavabdeh qarşı “subroqasiya” qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(006)- 766/2021 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh subroqasiya hüququ əsasında 4000 manat və 30,40 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4030,40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsini qət etmişdir. Qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və lazımınca icra edilmişdir. Beləliklə, dəymiş ziyanı ödədikdən sonra cavabdeh tərəfindən ziyan iddiaçıya vurulmuş sayılır. Cavabdeh dəfələrlə vurulmuş ziyanın ödənilməsinə dair müraciətlər olunub, lakin bu günə qədər cavabdeh zərəri ödəməkdən boyun qaçırır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan baxılıb, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, 05.11.2016-cı il tarixdə "xxxx" MMC-yə məxsus, lakin etibarnamə ilə onun istifadəsində olan avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisədə onun təqsiri olduğundan barəsində protokol tərtib edilmişdir. Bundan sonra hadisə zamanı zərər vurduğu avtomobilin sığortalandığı sığorta şirkəti tərəfindən məhkəmədə ona və iddiaçıya qarşı pul tələbinə dair iddia qaldırılmışdır, məhkəmə qətnaməsi ilə sığorta tərəfindən ödənilmiş pulun ondan və iddiaçıdan müştərək qaydada alınması qət edilmişdir. O, zərərin əvəzini ödəməkdən boyun qaçırmamışdır. Lakin, iddiaçı tərəfindən onun istifadəsində verilmiş avtomobil üçün kifayət qədər ödənişlər etmişdir və buna baxmayaraq iddiaçı nə avtomobili ona qaytarmamış, nə də ödənişlərini geri verməmişdir. Ona görə də hesab edir ki, vurulmuş zərərin əvəzini iddiaçı ödəməlidir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(043)-766/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Okean Avto-2011» MMC və Cavabdeh subroqasiya hüququ əsasında 4000 manat və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4030,40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMCnin mülkiyyətində olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış “X1” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən sığortalı avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 4000 manat pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə məhkəməyə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla İddiaçı MMC-nin sahibliyində və istifadəsində olduğundan və həmin avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmadığından, eyni zamanda Cavabdeh barəsində tərtib edilmiş İXP 656616 saylı, 29.11.2016-cı il tarixli protokola əsasən onun təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə İddiaçı MMC və Cavabdeh müştərək qaydada məsuliyyət daşımalıdır. İş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş 15.10.2021-ci il tarixli, 4864 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(043)-766/2021 saylı qətnaməsi üzrə tələb olunan pul vəsaiti borclu "xxxx" MMC tərəfindən köçürülmə yolu ilə həyata keçirilərək tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan prosessual normanın mənasına görə eyni şəxslərin iştirak etdiyi mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin şəxslər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Q.Məmmədova və digərlərinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixi qərarında isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh 05.11.2016-cı il tarixdə "xxxx" MMC–nin mülkiyyətində olan «Hyundai» markalı **- AL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən, "xxxx" ASC-də sığortalanmış «X1» markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4000 manat məbləğində ziyan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. "xxxx" ASC tərəfindən «X1» markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ödənilmişdir. Bundan sonra "xxxx" ASC mülkiyyətçi olaraq "xxxx" MMC və hadisə zamanı təqsiri olan Cavabdeh qarşı məhkəmədə iddia irəli sürərək, onun tərəfindən ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2021ci il tarixli, 2(043)-766/2021 saylı qətnaməsi ilə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə zamanı təqsirli olması müəyyən edilmiş, iddia tələbi təmin edilərək, "xxxx" MMC-dən və Cavabdeh müştərək qaydada 4000 manat sığorta ödənişinin və məhkəmədə iddianın verilməsi üçün ödənilmiş 30,40 manat pulun tutularaq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamənin icrası "xxxx"xxxx"xxxx" ASC-yə ödənilmişdir. Hazırda "xxxx" MMC hadisə zamanı təqsirli olan Cavabdeh qarşı iddia irəli sürərək, onun tərəfindən ödənilmiş pul vəsaitini ona dəymiş zərər kimi reqres qaydasında geri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində əsaslandığı hallar, yəni 05.11.2016-cı il tarixdə törədilmiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması, onun tərəfindən vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh və İddiaçı MMC-dən müştərək qaydada "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin İddiaçı MMC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC tam ödənilməsi məhkəmə iclasında öz təsdiqini tapdığından, iddiaçı ödəmiş olduğu zərərin əvəzini və dövlət rüsumunu geriyə tələb hüququ (reqres) əsasında Cavabdeh tələb etməkdə haqlıdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən onun istifadəsinə verilmiş avtomobil üçün kifayət qədər ödənişlər etdiyini, buna baxmayaraq iddiaçının nə avtomobili, nə də ödənişlərini geri qaytarmadığını bildirsə də, bu hallar iddia tələbinin rədd edilməsi üçün əsas vermir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4030,40 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4030,40 manat (dörd min otuz manat qırx qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3244/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3244/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver