Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3287/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia qaldıraraq, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03.07.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçı Accessbank” QSC-nin xeyrinə 4420,83 manat əsas borc, 37,40 manat faiz borcu və 1651,63 manat cərimə məbləği olmaqla, 6109,86 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 03.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, 1 faiz dərəcəsi ilə 4512,94 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödənişləri dəfələrlə yubatmış, 03.09.2020-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh borcundan ödəniş etməmiş, 4420,83 manat kredit borcu qalmışdır. 13.08.2021-ci il tarixə 344 gün üçün faiz borcu 37,40 manat, kredit müqaviləsinin 4.2.3-cü bəndinə əsasən 344 gün üçün hesablanmış cərimə məbləği 1651,63 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini əsas və faiz borcu hissəsində qəbul etdiyini, lakin cərimənin həddindən artıq yüksək olduğunu bildirərək cərimənin azaldılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, 1 faiz dərəcəsi ilə 4512,94 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1.2-ci bəndində kredit alanın müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüquqana malik olduğu nəzərdə tutulmuşdur. Müqavilənin 4.2.2-ci bəndində borclunun ödəniş planı üzrə kreditin və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faizi həcmində, lakin ümumi məbləği 5 il ərzində 0,1 faizdən artıq olmamaq şərtilə cərimə ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş köçürmə qəbzindən görünür ki, Cavabdeh 03.07.2019-cu il tarixdə kredit müqaviləsi üzrə 4512,94 manat pulu bankın kassasından almışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 13.08.2021-ci il tarixə 03.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 4420,83 manat əsas borc, 37,40 manat faiz borcu və 1651,63 manat dəbbə pulu olmaqla, 6109,86 manat borcu olduğu qeyd edilmişdir. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 344-dür. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin razılaşma üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Kredit müqaviləsinin lazımınca icra edilməməsi və öhdəliyin cavabdeh tərəfindən pozulması nəticəsində kreditor üçün kredit münasibətlərinin davam etdirilməsi öz əhəmiyyətini itirmişdir. Buna görə də, məhkəmə kredit müqaviləsinin ləğv edilməsi, əsas və faiz borcunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. İddiaçının tələb etdiyi dəbbə pulu məbləği müqavilənin şərtlərinə uyğun deyildir. Belə ki, dəbbə pulunun hesablanması qaydasını müəyyən edən müqavilənin 4.2.2-ci bəndindən görünür ki, cavabdeh hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi miqdarında dəbbə pulu ödəməli olsa da hər bir halda bu məbləğ ümumilikdə bütün müqavilə müddəti üçün kredit qalığının 0,1 faizindən artıq ola bilməz. Kredit qalığının 4420,83 manat olması nəzərə alındıqda həmin məbləğin illik 0,02 faizi ilə gecikmə günlərinin (344) hasili 304,15 manat təşkil edir. Lakin kredit qalığının 0,1 faizi 4,42 manat olduğundan iddiaçının tələb edə biləcəyi maksimal məbləğ 4,42 manatdan artıq ola bilməz. Buna görə də məhkəmə cavabdehdən yalnız 4,42 manat dəbbə pulunun tutulmasını əsaslı hesab edir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03.07.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin ləğv edilməli, 03.07.2019cu il tarixli 006A********** saylı kredit müqaviləsinə əsasən cavabdehdən 4420,83 manat əsas borc, 37,40 manat faiz borcu və 4,42 manat dəbbə pulu olmaqla, cəmi 4462,65 manat tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 22 manat dövlət rüsumunun cavabdehdən tutulmasını, məhkəmə xərcinin 8 manat hissəsinin isə iddiaçıya aid edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03.07.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi ləğv edilsin, Cavabdeh 03.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 4420,83 manat əsas borc, 37,40 manat faiz borcu və 4,42 manat dəbbə pulu olmaqla, cəmi 4462,65 (dörd min dörd yüz altmış iki manat, altmış beş qəpik) manat borc və 22 (iyirmi iki) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3287/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3287/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver