Məhkəmə qərarları › İş №2(043)-3301/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3301/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3301/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nisyə alğı-satqı müqavilələri üzrə ümumilikdə 3701 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 29.01.2020-ci il, 28.03.2020-ci il, 29.05.2020-ci il, 22.07.2020-ci il və 03.09.2020-ci il tarixli müqavilələrə əsasən, LG LED markalı televizor, HOFFMANN LED markalı televizor, İMEİ kodu **********64814 X3 9S markalı telefon, HOFFMAN SİAC markalı kondisioner, İMEİ kodu **********48838 Samsung Galaxy A21s markalı telefon almış və nəticədə 3701 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 29.01.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 666 manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) LG LED markalı televizor üçün ümumilikdə 481 manat olmaqla ondan 370 manat ödənilməmiş hissə, 111 manat cərimə, 28.03.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 508 manat (18 ay x 28 manat + 4 manat ilkin ödəniş) HOFFMANN LED markalı televizor üçün ümumilikdə 383 manat olmaqla ondan 308 manat ödənilməmiş hissə, 75 manat cərimə, 29.05.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 787 manat (12 ay x 58,5 manat + 85 manat ilkin ödəniş), İMEİ kodu **********64814 olan X3 9S markalı telefon üçün ümumilikdə 607 manat olmaqla ondan 468 manat ödənilməmiş hissə, 139 manat cərimə, 22.07.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1512 manat (24 ay x 63 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN SİAC markalı kondisioner üçün ümumilikdə 1553 manat olmaqla ondan 1364 manat ödənilməmiş hissə, 189 manat cərimə, 03.09.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 599,2 manat (18 ay x 31.9 manat + 4 manat ilkin ödəniş), İMEİ kodu **********48838 olan Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə 677 manat olmaqla ondan 574.2 manat ödənilməmiş hissə, 102,8 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 988 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 29.01.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 666 manat olan “LG LED” markalı televizoru nisyə qaydada almış, ayda 37 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 28.03.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 508 manat olan “Hoffman LED” markalı televizoru ilkin 4 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 28 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 29.05.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 787 manat olan İmei kodu **********64814 olan “X3 9S” markalı telefonu ilkin 85 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 58,5 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 22.07.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1512 manat olan HOFFMANN SİAC markalı kondisioneri nisyə qaydada almış, ayda 63 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03.09.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 599,2 manat olan İMEİ kodu **********48838 olan “Samsung Galaxy A21s” markalı telefonu markalı telefonu ilkin ödəniş 25 manat ödəmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 31,9 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29.01.2020ci il tarixli müqavilə üzrə əsas məbləğdən 296 manat ödəmiş, 370 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 111 manat dəbbə pulu hesablanmışdır. 28.03.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 200 manat ödəmiş, 308 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 75 manat dəbbə pulu hesablanmışdır. 25.07.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 319 manat ödəmiş, 468 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 139 manat dəbbə pulu hesablanmışdır. 22.07.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 148 manat ödəniş etmiş, 1364 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 189 manat dəbbə pulu hesablanmışdır. 03.09.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 25 manat ödəmiş, 574,2 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 102,8 manat dəbbə pulu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan aldığı mal və xidmətlərin ümumi dəyərindən yalnız 988 manat ödəmişdir. Buna görə də məhkəmə müqavilə üzrə cavabdehdən aldığı mal və xidmətlərin dəyərinin qalığı qismində 3084,2 manat pulun tutulmasını əsaslı hesab edir. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pullarının miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə icra edilməmiş öhdəliyə nəzərən hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz dərəcədə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 29.01.2020-ci il tarixli 20067758 saylı müqavilə üzrə dəbbə pulu azaldılmalı və 20 manat məbləğində, 28.03.2020-ci il tarixli 20207487 saylı müqavilə üzrə 18 manat məbləğində, 29.05.2020-ci il tarixli 20317411 saylı müqavilə üzrə 30 manat məbləğində, 22.07.2020-ci il tarixli 21034599 saylı müqavilə üzrə 90 manat məbləğində və 03.09.2020-ci il tarixli 21136260 saylı müqavilə üzrə 40 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, beş müqavilə üzrə ümumilikdə 3084,2 manat ödənilməmiş hissə, 198 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 29.01.2020-ci il tarixli müqavilə üzrə 370 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 28.03.2020-ci il tarixli müqavilə üzrə 308 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu, 29.05.2020-ci il tarixli müqavilə üzrə 468 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 22.07.2020-ci il tarixli müqavilə üzrə 1364 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, 03.09.2020-ci il tarixli müqavilə üzrə 574,2 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu olmaqla, ümumilikdə 3282,2 (üç min iki yüz səksən iki tam onda iki) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar