Məhkəmə qərarları › İş №2(043)-3305/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3305/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3305/2021 15.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nisyə alğı-satqı müqavilələri üzrə ümumilikdə 2620 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh bağladığı 13.08.2019-cu il, 00844858 saylı, 13.08.2019-cu il, 00844778 saylı, 31.12.2019-cu il, 04.02.2020-ci il və 22.02.2020-ci il tarixli müqavilələrə əsasən, sonuncu Alyans-TV-altı Verona, “Samsung” LED markalı televizor, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı paltaryuyan, İMEİ kodu **********45234 “Samsung Galaxy A 40” markalı telefon və “Samsung” markalı paltaryuyan almış və nəticədə 2620 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 13.08.2019-ci il tarixli, 00844858 saylı müqaviləyə əsasən, alğı-satqı qiyməti 340 manat (20 ay x 17 manat + 0 manat ilkin ödəniş) , Alyans-TV-altı Verona üçün ümumilikdə 154 manat olmaqla ondan 119 manat ödənilməmiş hissə, 35 manat cərimə, 13.08.2019-cu il tarixli, 00844778 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 1200 manat (24 ay x 50 manat + 0 manat ilkin ödəniş) “Samsung” LED markalı televizor üçün ümumilikdə 635 manat olmaqla ondan 500 manat ödənilməmiş hissə, 135 manat cərimə, 31.12.2019-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1050 manat (12 ay x 87,5 manat + 0 manat ilkin ödəniş), Samsung” markalı paltaryuyan üçün ümumilikdə 341 manat olmaqla ondan 262,5 manat ödənilməmiş hissə, 78,5 manat cərimə, 04.02.2020-ci il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 2016 manat (18 ay x 112 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı paltaryuyan, İMEİ kodu **********45234 “Samsung Galaxy A 40” markalı telefon üçün ümumilikdə 510 manat olmaqla ondan 410 manat ödənilməmiş hissə, 100 manat cərimə, 22.02.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1260 manat (18 ay x 70 manat + 0 manat ilkin ödəniş) “Samsung” markalı paltaryuyan üçün ümumilikdə 980 manat olmaqla ondan 770 manat ödənilməmiş hissə, 210 manat cərimə pulu hesablanmışdır. Cavabdehin 04.02.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 409 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 1197 manat, ümumilikdə 1606 manat təşkil edir. Digər müqavilələr üzrə isə cəmi ödədiyi məbləğ 2198,5 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıdan daha əvvəl, 2019-cu ilin əvvəllərində aldığı “Samsung” markalı televizor nasaz olduğudan və zəmanətli olduğundan təmir üçün geri qaytarmış, lakin televizor guya təmir olunub ona təhvil verildikdən sonra televizorun işləmədiyini, həmçinin aşağı hissəsində olan düyməsinin çıxarıldığını müəyyən etmişdir. Həmin televizorun əvəz edilməsi və ya təmir olunması üçün iddiaçıya dəfələrlə müraciət etsə də onun müraciətlərinə baxılmamışdır. Buna görə də o, digər müqavilələr üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. İddiaçı onun televizorunu təmir edib qaytardıqdan sonra digər müqavilələr üzrə borclarını ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 13.08.2019-cu il tarixli, 00844858 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 340 manat olan Alyans-TV-altı “Verona” adlı malı nisyə qaydada almış, ayda 17 manat olmaqla, 20 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 13.08.2019-cu il tarixli, 00844778 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1200 manat olan “Samsung” LED markalı televizoru ilkin ödənişsiz nisyə qaydada almış, malın dəyərini ayda 50 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 31.12.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1050 manat olan “Samsung” markalı paltaryuyanı ilkin ödənişsiz nisyə qaydada almış, malın dəyərini ayda 87,5 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 2016 manat olan “Samsung” markalı paltaryuyan maşını və İMEİ kodu **********45234 olan “Samsung Galaxy A 40” markalı telefonu nisyə qaydada almış, malların dəyərini ayda 112 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 22.02.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1260 manat olan “Samsung” markalı paltaryuyan ilkin ödəniş etmədən nisyə qaydada almış, malın dəyərini ayda 70 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.08.2019cu il tarixli, 00844858 saylı müqavilə üzrə əsas məbləğdən 221 manat ödəmiş, 119 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 35 manat dəbbə pulu hesablanmışdır. 13.08.2019-ci il tarixli, 00844778 saylı müqavilə üzrə əsas məbləğdən 700 manat ödəmiş, 500 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 135 manat dəbbə pulu hesablanmışdır. 31.12.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 787,5 manat ödəmiş, 262,5 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 78,5 manat dəbbə pulu hesablanmışdır. 04.02.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 409 manat ödəniş etmiş, əsas borca ödənilməmiş məbləğ 410 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1606 manat təşkil edir. Ödənişlərin gecikdirilməsinə görə 100 manat dəbbə pulu hesablanmışdır. 22.02.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 490 manat ödəmiş, 770 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 210 manat dəbbə pulu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan aldığı mallara görə ödənişləri müqavilədə nəzərdə tutulan müddətlərdə ödəməyərək öhdəliyin icrasını gecikdirmişdir. Cavabdeh hazırkı mübahisənin predmeti olmayan başqa bir müqavilə üzrə iddiaçının öz öhdəliyini pozmasına istinad edərək hazırkı müqavilələr üzrə ödənişləri həyata keçirmədiyini bildirsə də məhkəmə qeyd edir ki, göstərilən hal öhdəliyin icrasından imtina üçün əsas ola bilməz. Belə ki, hər bir müqavilə tərəflər üçün ayrı-ayrı hüquq və vəzifələr yaradır və buna görə də cavabdeh başqa bir müqavilə üzrə iddiaçının vəzifəsini pozmasına istinad edərək həmin müqavilədən sonra bağladığı müqavilə üzrə vəzifələrinin icrasından imtina edə bilməz. Cavabdehin həmin müqavilə üzrə pozulmuş hüquqlarının bərpası üçün müvafiq tədbirlər görməsi isə istisna edilmişdir. Buna görə də məhkəmə cavabdehdən icra edilməmiş öhdəliklər üzrə malların qalıq dəyərinin tutulmasını əsaslı hesab edir. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pullarının miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə icra edilməmiş öhdəliyə nəzərən hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz dərəcədə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 13.08.2019-cu il tarixli, 00844858 saylı müqavilə üzrə dəbbə pulu azaldılmalı və 5 manat məbləğində, 13.08.2019-cu il tarixli 00844778 saylı müqavilə üzrə 10 manat məbləğində, 31.12.2019-cu il tarixli 01178921 saylı müqavilə üzrə 7 manat məbləğində, 04.02.2020-ci il tarixli 20079039 saylı müqavilə üzrə 15 manat məbləğində və 22.02.2020-ci il tarixli 20120983 saylı müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, beş müqavilə üzrə ümumilikdə 2061,5 manat ödənilməmiş hissə, 57 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13.08.2019-cu il tarixli, 00844858 saylı müqavilə üzrə 119 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 13.08.2019-cu il tarixli, 00844778 saylı müqavilə üzrə 500 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 31.12.2019-cu il tarixli müqavilə üzrə 262,5 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu, 04.02.2020-ci il tarixli müqavilə üzrə 410 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 22.02.2020-ci il tarixli müqavilə üzrə 770 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2118,50 (iki min yüz on səkkiz manat, 50 qəpik) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar