Məhkəmə qərarları › İş №2(043)-3320/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3320/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3320/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı «borcun ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 72,21 ABŞ dolları əsas borc, 48,82 ABŞ dolları faiz, 115,86 ABŞ dolları cərimə, kredot müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 9,82 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki “DəmirBank Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış ********* №-li 07 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 12 (on iki) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi ilə 500 (beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh kredit verilərkən Zamin ilə 07.10.2015-d 11 tarixil, ZM- 460006651 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 07 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə 16 fevral 2016cı il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kredit öhdəliyinin qalığı 360,20 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 16.03.2017-ci il tarixinə kimi uzadılmışdır. 07 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə 13 iyun 2017-ci il tarixli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 346,41 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya olunmuş kreditin müddəti 13.06.2018-ci il tarixinə kimi uzadılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********1941 saylı 22.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması b4ank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 19.02.2021-ci il tarixə kredit üzrə cəmi borcu 246,71 (iki yüz qırx altı dollar, 71 sent) ABŞ dolları təşkil edir. Bundan 72,21 (yetmiş iki dollar, 21 sent) ABŞ dolları əsas, 48,82 (qırx səkkiz dollar, 82 sent) ABŞ dolları faiz, 115,86 (üç yüz yetmiş iki dollar, 86 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 9,82 (doqquz dollar, 82 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 07 oktyabr 2015-ci il tarixli 460006651saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank borcalana 12 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 500 ABŞ dolları məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.10.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Zamin (zamin) arasında zaminlik müqaviləsi bağlanmış və zamin İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 07 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə 16.02.2016-cı il tarixli Əlavə Sazişdən görünür ki, 07 oktyabr 2015-ci il tarixli kredit və zaminlik müqaviləsinin müddəti 16.03.2017-ci il tarixədək uzadılmışdır. 13 iyun 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, 07 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək restrukturizasiya edilmiş kreditin müddəti 13.06.2018-ci ilədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Lakin, iş materiallarına əlavə edilən Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində isnad etdiyi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 16 fevral 2016-cı il tarixli əlavə sazişlə 16.03.2017-ci il tarixədək uzadılmışdır. 13 iyun 2017-ci il tarixli əlavə sazişdən görünür ki, 07.10.2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilmiş, restruktruzasiya edilmiş kreditin müddəti 13.06.2018-ci ilədək uzadılmışdır. Beləliklə bu müqavilə üzrə üç illik iddia müddəti 13.06.2021-ci il tarixdə başa çatmışdır. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi 02.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının 13.06.2018-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb (zamin) üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar