Məhkəmə qərarları › İş №2(043)-3333/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3333/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3333/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" (əvvəlki adı Nikoyl İKB) ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı "xxxx" (əvvəlki adı Nikoyl İKB) ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia tələbi ipoteka ilə təmin edilmiş borc öhdəliyinin icra edilməməsindən irəli gəlir. 2019-cu il 25 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “Gəncə” filialından illik 22%-lə 36 ay müddətinə 25.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən, 5 otaqlı, 104.90 kv.m ümumi, 77.50 kv.m yaşayış, 27.4 kv.m yardımçı sahədən ibarət 24 saylı evin 67 saylı mənzili 2019-cu il 29 aprel tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi qanunvericilikdə ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişin verilməsi, qeydə alınması və bildiriş alındıqdan sonra 21 gün ərzində tutmanın yönəldilməsindən məhkəməyə şikayət edilmədikdə notariusun icra qeydinin verilməsi prosedurlarından ibarətdir. Qanunvericilikdə bu qaydanın istisnası və ya ipoteka saxlayanın hər hansı seçim hüququ, o cümlədən ipoteka saxlayanın müraciəti əsasında məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası müəyyən edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi yalnız İpoteka haqqında Qanunun 37.1-ci maddəsində göstərilmiş şəxslər tərəfindən məhkəmədə mübahisə edilə bilər. Buna görə də hazırkı iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilə və baxıla bilməz. İddiaçıya izah olunur ki, İpoteka haqqında Qanunun 36-38-ci maddələri ilə nəzərdə tutulmuş qaydalara riayət etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün müvafiq notariusa müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: İddiaçı "xxxx" (əvvəlki adı Nikoyl İKB) ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya iddia ərizəsində göstərdiyi məsələ ilə bağlı müvafiq notariusa müraciət etməli olduğu izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar