Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3363/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 7137,68 manat əsas, 1387,84 manat faiz və 3465,63 manat cərimə olmaqla, cəmi 11991,15 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.07.2010-cü il tarixli 06L000002775 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 18.02.2019-cu il tarixli 06L000002775S saylı sazişlə, kredit xəttinin müddəti 223 ay müddətində, kredit xəttinin məbləği 200000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 11.03.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.05.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 862,32 manat ödəmiş, onun 7137,68 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 10.08.2021-ci il tarixə 456 gün üçün hesablanmış faiz borcu 1387,84 manat təşkil edir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 6237,69 manat əsas, 1387,84 manat faiz və 3465,63 manat cərimə borcu olmaqla, cəmi 11091,16 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı mülki iş məhkəməyə verildikdən sonra cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş edilmişdir. Odur ki, məhkəməyə təqdim edilmiş yeni maliyyə arayışı əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək izahatında bildirdi ki, banka olan borclarını əvvəllər vaxtı-vaxtında ödəmişlər. Lakin, sonradan maddi vəziyyətləri pisləşdiyi üçün ödəmələri yerinə yetirə bilməmişlər. Onlar, borclarını ödəməkdən qərəzli şəkildə boyun qaçırmamışlar. Lakin, bank tərəfindən tələb olunan cərimə məbləği həddindən artıq yüksəkdir. Odur ki, cərimə məbləğinin azaldılmaqla iddianın qalan hissəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 digər Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında 29.07.2010-cu il tarixli, 06L000002775 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 120 ay müddətinə, 10000 ABŞ dolları məbləğində kredit xətti açmağı, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə açılmış kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə aldığı kredit məbləğini, habelə kredit xəttindən istifadəyə görə illik faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC (Bank) ilə Cavabdeh4 (zamin) arasında 29.07.2010-cu il tarixli 006S000004442 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin 29.07.2010-cu il tarixli, 06L000002775 saylı kredit xətti müqaviləsi və kredit xətti müqaviləsinin ayrılmaz hissə olan Kredit Razılaşmaları üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC (Bank) ilə Cavabdeh2 (zamin) arasında 18.04.2012-ci il tarixli 006S000006867 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin 29.07.2010-cu il tarixli, 06L000002775 saylı kredit xətti müqaviləsi və kredit xətti müqaviləsinin ayrılmaz hissə olan Kredit Razılaşmaları üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 06L000002775S saylı 18.02.2019-cu il tarixli Kredit Xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, İddiaçı QSC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında 29.07.2010-cu il tarixli, 06L000002775 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Son dəyişikliyə əsasən kredit sazişinin məbləği 200000 ABŞ dolları müəyyən edilmiş və müqavilənin müddəti 223 ay müddət müəyyən edilməklə, 01.03.2029-cu il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 06S000006867S saylı 18.02.2019-cu il tarixli Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, İddiaçı QSC (Bank) ilə Cavabdeh2 (zamin) arasında 18.04.2012-ci il tarixli, 06S000006867 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Son dəyişikliyə əsasən zamin 06L000002775S saylı 18.02.2019-cu il tarixli Kredit Xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Saziş üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.07.2010-cu il tarixli, 06L000002775 saylı kredit xətti müqaviləsi üzrə 11.03.2020-ci il tarixli 006R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC (Bank) Cavabdeh1 (borcalana) 8000 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə aldığı kredit məbləğini, habelə kreditdən istifadəyə görə 18 ay müddətinə illik 1,9167 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC (Bank) ilə Cavabdeh3 (zamin) arasında 11.03.2020-ci il tarixli, 006S**********01 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin 29.12.2019-cu il tarixli, 006A********** saylı Kredit Xətti müqaviləsi və kredit xətti müqaviləsinin ayrılmaz hissə olan Kredit Razılaşması üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 02.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 10.08.2021-ci il tarixə İddiaçı QSC-yə 11.03.2020-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinə əsasən 6237,69 manat əsas; 1387,84 manat faiz və 3465,63 manat cərimə olmaqla, cəmi 11091,16 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit xətti və bunun əsasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1dən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3465,63 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3nın mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit xətti müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar Cavabdeh1nın iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, 11.03.2020-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 6237,69 manat əsas borc, 1387,84 manat faiz borcu və 500 manat cərimə olmaqla, cəmi 8125,53 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh4 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. İş matariallarından görünür ki, İddiaçı QSC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında 29.07.2010-cu il tarixli, 06L000002775 saylı kredit xətti müqaviləsi faiz dərəcəsi müəyyənləşdirilmədən 120 ay müddətinə, 10000 ABŞ dolları məbləğində kredit limiti müəyyən edilməklə bağlanılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh4 zamin olmuşdur. Daha sonra Bank ilə Cavabdeh1 arasında 06L000002775S saylı 18.02.2019-cu il tarixli Kredit Xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Saziş imzalanmış, kredit sazişinin məbləği 200000 ABŞ dolları, müqavilənin müddəti 223 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 faizədək müəyyən edilmişdir. Kredit xətti müqaviləsinə dəyişiklikdən sonra digər Cavabdeh2 ilə Bank arasında dəyişikliyə dair Saziş bağlanmış, cavabdeh X2 ilə Bank arasında bağlanmış zaminlik müqaviləsi isə kredit xətti müqaviləsindəki dəyişikliklər nəzərə alınmaqla bağlanmışdır. Lakin, Bank ilə Cavabdeh4 arasında eyni məzmunlu saziş bağlanmamış, kredit xətti müqaviləsinin şərtləri dəyişdirilərkən Cavabdeh4 zamin kimi razılığı alınmamışdır. Halbuki kredit xətti müqaviləsində edilmiş dəyişikliklə müqavilənin müddəti uzadılmış, kredit limitinin məbləği artırılmış və əlavə olaraq faiz dərəcəsi şərtləşdirilmişdir. Beləliklə müəyyən edilir ki, 11.03.2020-ci il tarixdə bağlanmış kredit razılaşması üzrə cavabdehlər Cavabdeh2 Cavabdeh3 borclu ilə birlikdə məsuliyyət daşıdıqları halda, kredit xətti müqaviləsində edilmiş dəyişiklik zamin (cavabdeh) Cavabdeh4 məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb olduğundan və bu dəyişiklik barədə onun razılığı alınmadığından Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən onun zamin kimi məsuliyyətinə xitam verilmiş hesab edilməlidir. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, Cavabdeh4 zamin kimi məsuliyyətinə xitam verilmiş hesab edilməli, iddia tələbi borcun Cavabdeh4 tutulması hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə iddianın 11.03.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də təmin edilə bilməz. Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 11.03.2021-ci il tarixli 006R********** saylı kredit razılaşması 18 ay müddətinə bağlandığından və müqavilənin qüvvədə olma müddəti 11.09.2021-ci il tarixdə bitdiyindən, həmin kredit müqaviləsinin ləğv edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 11.03.2020-ci il tarixli 006R********** saylı Kredit Razılaşması üzrə yaranmış 6237,69 manat əsas borc, 1387,84 manat faiz borcu və 500 manat cərimə olmaqla, cəmi 8125,53 manat (səkkiz min yüz iyirmi beş manat əlli üç qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3363/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3363/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver