Məhkəmə qərarları › İş №2(043)-3375/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3375/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3375/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1099 manat əsas borc, 1074,82 manat faiz borcu olmaqla ümumi 2173,82 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat məbəlğində pulun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixində alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə, dəyəri 1499 manat olan “Sual” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları cavabdehə verilmişdir. Müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 100 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1399 manat isə hər ay 100 manat olmaqla 14 ay müddətində ödəməlidir. Cavabdeh müqqavilənin şərtini pozaraq xx.xx.2017-ci ildən qalıq borcu ödəməkdən imtina etmişdir. Cavabdeh 1099 manat əsas borcu, ödəniş qaydalarını pozaraq 978 gün gecikməylə 1074,82 manat faiz borcu yaranmışdır. Satıcı tərəfindən alıcı ilə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilərək borcluya müvafiq borcunu ödəməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da, borclu öhdəliklərini icra etməmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onlar, qeydiyyatda olduğu ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş “SİNTRA” markalı su filterlərinin satışı ilə məşğul olan fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli nisyə alqısatqı müqaviləsindən görünür ki, Qafarova X1 Anar Xanlar oğlundan qiyməti 1499 manat olan 1 ədəd “Sual” modelli su təmizləmə sitemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları alaraq, 100 manat məbləğində ilkin ödəniş etmək və malın dəyərini ayda 100 manat olmaqla, 14 ay müddətində, hər ayın 15-i ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı ödənişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün əmlakın ümumi qiymətinin 0,1 faizi həcmində satıcının xeyrinə cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixi təhvil-təslim aktından görünür ki, satıcı bir ədəd “SİNTRA” firmasının istehsalı olan, “Sual” modelli su təmizləmə sistemini, onun ayrılmaz tərkib hissələrini, zəmanət talonunu, istismar təlimatını və aksessuarlarını alıcıya təhvil vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə 3(üç) təqvim günü müddətində borcunu tam ödəmədiyi halda məhkəməyə müraciət olunacağını xəbərdarlıq etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 14 ay müddətinə, ilkin 100 manat ödəniş etmək, qalıq borcu aylıq 100 manat olmaqla, cəmi 1399 manat ödəmək şərti ilə “Sual” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları almış, lakin nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə üzrə cəmi 400 manat məbləğində ödəniş etmiş və müqavilə şərtlərini pozmuşdur. Buna görə də məhkəmə satılmış əşyanın qalıq dəyəri qismində cavabdehdən 1099 manat pulun tutulmasını əsaslı hesab edir. İddiaçı cavabdehdən müqavilənin 4.1-ci bəndinə əsasən 1074,82 manat faiz borcu tələb etmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsində əşyanın qalıq dəyərinə faizlərin hesablanması nəzərdə tutulmamışdır. Eyni zamanda müqavilənin 4.1-ci bəndində ödənişlərin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması qaydası nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə həmin tələbə dəbbə pulunun tutulması qaydalarına uyğun olaraq qiymət verir. Cavabdehin müqavilənin şərtlərini pozmasını, qalıq borcun məbləği və gecikdirilmiş günlərin sayını nəzərə aldıqda iddiaçının dəbbə pulu tələbi müqavilə şərtlərinə uyğun olsa da məhkəmə hesablanmış dəbbə pulu məbləğinin tənasübsüz surətdə yüksək olmasını nəzərə alaraq həmin məbləğin azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə tərəflərin, o cümlədən iddiaçının əmlak mənafelərinə uyğun olaraq dəbbə pulu məbləğinin 10 manat müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qaydada 1099 manat ödənilməmiş hissə və 10 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1099 (min doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar