Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3384/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi (keçmiş Sevinc) sahə 35-də 0,04 ha torpaq sahəsində yerləşən bağ evinə olan yaşayış (istifadə) hüququna 5000 manat kompensasiya verməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər, Məhsəti qəsəbəsi (keçmiş Sevinc) sahə 35 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,8 m2 olan bağ evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Gəncə şəhəri, Kəpəz rayonu Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-814/2019 saylı qətnaməsi ilə onun cavabdehlər Cavabdeh və X1 qarşı “evdən çıxarılma” tələbinə dair iddiam əsassız hesab olunmuşdur. Məhkəmə Cavabdeh ona məxsus yaşayış evində yaşamaq hüququ olduğunu və hazırda ona məxsus evdə yaşadığını əsas götürüb onun iddiasını rədd etmişdir. O həmin qətnamə ilə razılaşmayaraq apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(104) 2282/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (043)-814/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)5618/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2280/2019 nömrəli iş ürzə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlə birlikdə yaşamaq qeyri mümkündür. Buna görə də onun istifadə hüququna xitam verilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göztərilənlərlə eyni məzmunda izahat vermiş və məhkəməyə ərizə təqdim edərək Cavabdeh ona məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi sahə-35-də yerləşən 0,04 ha torpaq sahəsi üzərindəki bağ evinə olan istifadə hüququna 5500 manat kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirmiş və iddianın etirafı haqqında ərizə verərək, onun Gəncə şəhəri Məhsəti qəsəbəsi sahə-35-də yerləşən 0,04 ha torpaq sahəsi üzərindəki bağ evinə olan istifadə hüququna 5500 manat kompensasiya verilməklə xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və məhkəmədə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz Rayonu, Məhsəti qəsəbəsi sahə 35 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi bağ evi ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 57nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-814/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə ilə Cavabdeh Gəncə şəhəri Məhsəti qəsəbəsi sahə- 35-də yerləşən 0,04 ha torpaq sahəsi üzərindəki bağ evindən istifadə hüququnun olması və həmin hüquqa yalnız kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli 2(104)-2280/2019 saylı qətnaməsindən görünür ki, iddiaçının Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-814/2019 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin olunmamışdır. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-5618/19 saylı qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-2280/2019 saylı qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayəti təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(043)-346/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna 3000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evdən istifadə hüququnun mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı həmin istifadə hüququna 5500 manat pul kompensasiyası verməklə xitam verilməsini xahiş etmiş, cavabdeh isə iddianı qəbul edərək həmin məbləğdə kompensasiya verilməsi müqabilində istifadə hüququna xitam verilməsi ilə razılaşmışdır. Cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri Məhsəti (keçmiş Sevinc) qəsəbəsi sahə 35 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 69,8 m2 olan bağ evindən istifadə hüququna 5500 (beş min beş yüz) manat məbləğində kompensasiya verilməklə xitam verilsin. Kompensasiyanın ödənilməsi ilə cavabdehin evdən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3384/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3384/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver