Məhkəmə qərarları › İş №2(043)-3404/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3404/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3404/2021 29.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5514,93 manat məbləğində əsas borcun, 2,85 manat məbləğində faiz borcunun, cəmi 5517,78 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və X3 İddiaçı ASC-nin xeyrinə 4834,21 manat məbləğində əsas borcun, 2,77 manat məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 qızı ilə İddiaçı ASC arasında bağlanmış 05.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə illik 1% olmaqla 5861,79 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faziləri banka ödəməkdən yayınır və beləliklə kredit müaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan pulu hələ də ödənilməmiş qalır. Kredit müqaviləsinə əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Ona görə də, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, bir müddət işləməmiş, işləmədiyi dövrdə maddi vəziyyəti pisləşdiyindən banka olan borcunu ödəyə bilməmişdir. O, işləməyə başladıqdan sonra bankın əməkdaşı ilə əlaqə saxlamış və bankın əməkdaşı ona qalıq borcunu ödəyəcəyi təqdirdə işinin məhkəməyə verilməyəcəyini bildirmişdir. O da borcunun bir hissəsini ödəmişdir, hazırda onun banka gecikdirdiyi borc məbləği 400 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 05 noyabr 2019-cu il tarixli FR/17790/72/29 saylı kredit sazişinə əsasən, İddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 5861,79 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 05 noyabr 2019-cu il tarixli Z-FR/17790/72/29 nömrəli zaminlik müqaviləsindən görünür ki, Nağıyeva X1 Arif Əli qızının 05 noyabr 2019-cu il tarixli FR/17790/72/29 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 24 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 24 avqust 2021-ci il tarixə 5514,93 manat əsas borc, 2,85 manat faiz borcu mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun bank qarşısında öhdəlikləri yaranmışdır. Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrası üçün zamin kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə görə Cavabdeh1 krediti illik 1% olmaqla götürmüşdür və buna görə də hal-hazırda iddiaçıya 2,77 manat faiz borcu, 4834,21 manat isə əsas borcu vardır. İddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 05.11.2019-cu il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4834,21 manat əsas borc, 2,77 manat faiz borcu olmaqla, cəmi 4836,98 manat pul tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4834,21 manat əsas borc, 2,77 manat faiz borcu olmaqla, cəmi 4836,98 (dörd min səkkiz yüz otuz altı manat, doxsan səkkiz qəpik) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar